Naftalanda Ümummilli Lider Heydər Əliyevin anım günü keçirildi
Ümummilli Lider Heydər Əliyevin anım gününün 17-ci ildönümü Naftalanda qeyd edilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri və nümayəndələri iştirak ediblər.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin məsul işçiləri birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və ruhunu ehtiramla yad ediblər.
Anım tədbiri videokonfrans formatında davam etdirilib. Tədbirdə 1 dəqiqəlik sükutla Ulu Öndərin əziz xatirəsi yad edilib.
Konfransı giriş sözü ilə açan Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Ümummilli Liderin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən, onun layiqli davamçısı Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və siyasi kursunun həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan layihələrdən ətraflı danışıb.
Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixi və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışıblar.