Laçında Azərbaycan Himni oxundu və Şanlı Bayrağımız dalğalandı
Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan və bu gün erməni işğalından azad olunmuş Laçın rayonu ölkənin cənub-qərbində, dağlıq ərazidə yerləşir. Bu gün Laçın rayonu işğaldan azad olundu, erməni işğalçı qüvvələrindən təmizləndi.
44 günlük müharibə haqqın-ədalətin bərpası olmaqla yanaşı, kimin kim olduğunu bir daha göstərdi. Həqiqət anı kimi dəyərləndirilən 44 gündə kimin haqqın, kimin şərin, kimin dostun, kimin isə düşmənin yanında olduğu açıqlandı. 30 ilə yaxın müddətin real mənzərəsi budur ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri ikili standartlar əsasında ədalətin maraqların arxasında əriməsinə rəvac verib, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi qəbulunda iştirak etdikləri 4 qətnamənin icrasında heç zaman maraqlı olmayıblar. Bu yanaşmalar istər müharibə dövründə, istərsə də Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatın qəbulundan sonra özünü qabarıq şəkildə büruzə verir.
Fransa erməni diasporunun güclü olduğu ölkələrdəndir. Fransada məskunlaşan ermənilər müəyyən mənada fransız siyasətçilərini satın ala bilirlər. Qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi də bunun bariz nümunəsidir. Layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır.
Azərbaycanın döyüş meydanında zəfəri siyasi müstəvidə qələbəsini şərtləndirdi: “Bir daha sübut edildi ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev 44 gündə 30-a yaxın xarici mətbuata, o cümlədən Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cavabı ilə Ermənistana və ona dəstək olan Fransa kimi demokratik dəyərləri, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan dövlətlərə tarix, hüquq, eyni zamanda, milli qürur dərsi kecmişdi. Həmin suala cavab bu gün də qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamənin müəlliflərinə və onun qəbulunda fədakarlıq göstərən, amma məsələnin mahiyyətini dərk etməyən senatorlara, siyasətçılərə tutarlı cavabdır.
Dövlət başçısı vurğulayıb: “Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.”
“Mən bir daha demək istəyirəm, – artıq onu demişəm, – onsuz da biz Laçını da, Kəlbəcəri də, Ağdamı da alacaqdıq. Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var. Kəlbəcər rayonuna əvvəlki, sovet dövründə gedən yol Ağdərə rayonundan keçirdi. Sovet vaxtında bu rayona Mardakert deyilirdi, orada ermənilər yaşayırdı. Başqa yol demək olar ki, yox idi. Biz indi Kəlbəcərə Göygöl və Daşkəsən rayonlarından daxil olmuşuq. Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev xalqa müraciətində deyib: “Ona görə bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır – yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat.
Bu, gələcək perspektivlərimizi diktə edəcək. Ona görə biz buna hazır olmalıyıq və öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı Azərbaycan Ordusudur. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa görər ki, bu gün Ermənistanı Dağlıq Qarabağla 5 kilometr enində dəhliz birləşdirir”.
Azərbaycan bundan sonra özünün maliyyə imkanları hesabına erməni işğalından azad edilmiş regionun yenidən canlanmasına və inkişafına nail olacaq.
Ölkəmiz Cənubi Qafqazda sülhü və təhlükəsizliyi təmin edəcək. Azad olunan ərazilərdə yenidənqurma işlərinin görülməsindən sonra qaçqın və məcburi köçkünlərin dədə-baba torpaqlarına geri qayıdacaqlar.
Möhtərəm Prezidentimiz “Qarabağ Azərbaycandır!” deyərək və sözünü yerinə yetirdi. 30 ilə yaxın işğal müddətində haqqı tapdalanan və əziyyət çəkən Azərbaycan dövləti ədaləti öz imkanları hesabına təmin etdi, öz torpaqlarını özü geri aldı. Cənab Prezidentin nümayiş etdirdiyi güclü liderlik bacarığı və Müzəffər Azərbaycan Ordusunun apardığı mübarizə tarixə qızıl hərflərlə yazılacaq.
Beləliklə, Azərbaycanın həm iqtisadiyyatı daha da güclənəcək, həm də vətəndaşlarımızın həyat şəraiti, rifahı daha da yaxşılaşacaq.