Şanlı Bayrağımız Kəlbəcərdə dalğalanır
Kəlbəcər Azərbaycanın dilbər guşələrindən biridir. Həm ərazisinə, həm təbiətinə, həm iqliminə görə əlçatmaz gözəlliyə malik bölgədir. Kəlbəcər təbii sərvətlərlə o qədər zəngindir ki, ermənilər bu illər ərzində rayonu çapıb-talayıblar. Rayon turizm üçün böyük potensiala malikdir. Rayonda, civə zavodu, qızıl yataqları, təbii uran yatağı, mərmər yatağı vardı. Orada hər bir bulaq özü təbii mineral idi. Hər yanda bulaqlar qaynayırdı. Arıçılıq, maldarlıq, əkinçilik geniş yayılmışdı.
Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. 1993-cü il aprelin 2-dən işğalda olan Kəlbəcər Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr bəyanatı əsasında boşaldılıb.
27 illik həsrətə son qoyuldu və Kəlbəcər azad edildi. Noyabrın 25-də möhtərəm prezident cənab İlham Əliyev xalqa müraciət edib. Kəlbəcər rayonunun işğaldan azad olunduğunu bəyan edən Müzəffər Ali Baş Komandan təbriklərini xalqa çatdırıb.
Cənab Prezident bildirdi ki, Kəlbəcər Azərbaycanın qədim torpağıdır: “Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq”.
Dövlət başçısı müraciətində Kəlbəcərin bərpa ediləcəyini də vurğulayıb: “Heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaq”.
Biz bu gün tarixin ən şərəfli anlarını yaşayırıq. 27 ildən sonra Azərbaycanın şanlı, üçrəngli bayrağı bir daha enməmək üzrə Kəlbəcərdə dalğalanacaq.
Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü Qələbımiz xüsusi yerdədir. Biz ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, Azərbaycan xalqının ümidlərini doğrultduq və bundan sonra da doğruldacağıq. Azərbaycan haqq yolunda döyüşüb zəfər çaldı. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!.