Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan tarixi ədaləti uğurla bərpa edir

04 noyabr 2020 | 16:00

Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub. Sentyabrın 27-də törədilmiş, erməni tərəfindən təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndlər ağır artilleriya bombardmanına tutulması, düşmən ordusunun açıq-aşkar yeni ərazi iddialarının və havardarlarına böyük inamla regionda münaqişənin daha da gərginləşməsi niyyətlərinin riyakar nümunəsidir. Milli Ordumuz sahib olduğu qətiyyət sayəsində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması ordumuzun çeviklik və peşəkarlıq səviyyəsinin çox yüksək olmasını nəinki düşmənə bütün dünyaya nümayış etdirdi.
    Atəşi ilk açan Ermənistandır, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi.  Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub.
    Azərbaycan isə həmişə sülh planına sadiq olub. Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşıdır. Danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarətdir. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları  göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar.
    Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox əraziləri azad edir. Azərbaycanın kifayət qədər silah-sursatı, müasir silahları var və onları mənfur düşməndən fərqli olaraq ancaq döyüş meydanında nümayiş etdirir. Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır.
    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi.
    Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib.  Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki,  ona qulaq assın, lakin belə mesaj verilməyib. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb.
    Azərbaycan daha güclü ola biləcək bəzi başqa vasitəçilər barədə düşünməyə bilməz. Azərbaycan ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir. Azərbaycan istənilən halda torpaqlarını azad edəcək. 
   Cənab Prezident bir neçə müsahibəsində vasitəçi kimi digər ölkələrin də qatıla biləcəyini və ATƏT Minsk qrupunun fəaliyyətinin səmərəsizliyini qeyd edib.
    Dövlət başçısı çıxışlarında da hər zaman xüsusi əhəmiyyətlə hərbi texnika və avadanlıqların istehsalı istiqamətində uğurlu inkişafı qeyd edərək daima yeni və strateji planların icrasını vurğulamışdır. Bütün həyata keçirilən fəaliyyət və uğurlu nəticələr bu gün ölkəmizin hərbi potensialının, döyüş qabiliyyətinin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir və ordumuzun potensialını sübut etdirir.
    Qərb jurnalistləri ilə müsahibələr həmin KİV-lərin qərəzini və  peşəkar jurnalistikadan uzaq olduqlarını göstərir. Nədənsə ARD müxbiri “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə  qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi faktının üstündən keçir. Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir, xristian təəssübkeşliyi edir, müsahibi ilə polemika girməyə cəhd edirlər. Bunlar media prinsiplərinə ziddir. Azərbaycan mediası və QHT-lərlə bağlı Qərb qrantlarının təyinatının heç də medianın, söz azadlığının inkişafına xidmət etmədiyini sübut etmək üçün bu günlər Qərb mediasının sərgilədiyi mövqeni xatırlatmaq lazımdır. Qərb media standartları deyilən təbliğatın mənasızlığı sübut olunur.
     Vətən müharibəsi Azərbaycanın Müzəffər Ordusunun uğurları və şücayəti ilə davam edir. Azərbaycan xalqı Ali Baş Komandanın qələbə müjdəsini hər az səbirsizliklə gözləyir. Xalqımız işğaldan azad olunan torpaqlara tezliklə qovuşacaq, həsrət sona çatacaq. Qarabağ uğrunda mübarizə bizim haqq və ədalət savaşımızdır. Qarabağ bizimdir!  Qarabağ Azərbaycandır!

Keçidlər