Ərzaq məhsullarının satışına və keyfiyyətinə nəzarət gücləndirildi.
Naftalan şəhərinin ərazisində istehlak mallarının və istehsal məhsullarının keyfiyyətinə nəzarət etmək, süni qiymət artımına qarşı mübarizə aparmaq məqsədilə şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılmış komissiyanın üzvləri tərəfindən Novruz bayramının gəlişi ilə əlaqədar şəhərdə ət satışı ilə məşğul olan ət dükanlarında və şəhərin Mərkəzi bazarında reyd keçirilmişdir. Reydin keçirilməsində məqsəd bayramqabağı istehlak bazarında baş verə biləcək süni qiymət artımının qarşısını vaxtında almaq və əhalini keyfiyyətli ərzaq məhsulu ilə təmin etməkdən ibarətdir.
Reyd zamanı istehlak bazarında süni qiymət artımına yol verilməsi halları müşahidə olunmadı.
Eyni zamanda komissiya tərəfindən aşkarlanan bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə bazar rəhbərliyinə və ərzaq məhsullarının satışı ilə məşğul olan digər şəxslərə tövsiyyə və tapşırıqlar verilmişdir.
Süni qiymət artımına və təhlükəli qida məhsullarına qarşı mübarizə tədbirləri Novruz bayramı günlərində də davam etdiriləcəkdir.