Şriftin ölçüsü :

Saytın rəngi :

Bütün dünya Azərbaycan xalqının əzmini gördü

11 oktyabr 2020 | 16:00

Baş Komandanımız cənab İlham Əliyevin məqsədi regiona sülhü gətirməkdir. Sülhün dəstək açarı isə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Düzdü dünən humanitar atəşkəs elan olunandan sonra əsirlər dəyişdirilməli idi, lakin ermənilər heç 12.00-dan sonra da atəşkəsə əməl etmədilər.  Yene də məkrli hücumlarının qarşısı bizim məğrur, rəşadətli əsgərlərimiz tərəfindən alınır. 
    11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvo siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.
   Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir, məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır. Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı.
    Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Təmas xətti deyilən anlayış yoxdur.  Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.
     Atəşkəs anlaşmasının müddətsiz olması, onun uzunmüddətli olması anlamına gəlmir, cünki  müddətsiz atəşkəs anlaşması istənilən zaman bitə bilər.
Möhtərəm Prezident cənab İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları  dövlət başçımız üçün ən ali dəyərdir.
     Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Cənab İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi.Status-kvo dəyişdi. Hərbi və siyasi şərtləri indi Azərbaycan diqtə edir. Ölkə başçısı qəti və məntiqli diplomatik gedişlərlə regionun geo-siyasi mənzərəsini dəyişir. 
      ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət həmsədrləri və Ermənistanı qane edirdi. Nəticədə Azərbaycan özü status-kvonu dəyişdi. Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geo-siyasi əhəmiyyəti vardır. 
    Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun. Bu silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunmuşdu.
      Tarixi günlərini yaşayan Azərbaycan düşməni torpaqlarımızdan çıxararaq Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi. Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edildi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi, bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə resursları yoxdur. Suqovuşan su anbarının olduğu ərazinin azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində ciddi addım atıldı.
     Ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistanın baş naziri hərbi əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan, döymədiyi qapı, yalvarmadığı lider qalmadı.
Son günlər cəbhədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordunun uğurları bir daha beynəlxalq aləmə və mənfur düşmənə Azərbaycan dövlətinin necə güclü dövlət  olduğunu sübut etdi.

Keçidlər