Azərbaycanın dəyişməz mövqeyi-ərazi bütövlüyü bərpa edilməlidir
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı möhtərəm Prezidentimiz cənab İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə bir daha beynəlxalq aləmə bəyan etdi ki, bu munaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.
Bildiririk ki, Ermənistan işğalçı dövlət olduğundan müharibə istəyir. Onlar torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Həmçinin status-kvonun dəyişməsini istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Artıq hamıya məlumdur ki, Azərbaycan bütün mövzularda, bütün sahələr üzrə Ermənistandan güclüdür və heç bir halda torpaqları işğalçı ölkəyə güzəştə getməyəcək.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqda bu gün də davam edir. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq uzun illərdi ki, fəaliyyət göstərir və heç bir nəticə olmadığı göz qabağəndadır. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir, ikinci səbəb BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır.
Beynəlxalq hüquq normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından çox geniş dəstək var. Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. BMT-nin Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir və işğalçı dövlət bu tələblərə məhəl qoymur.
Münaqişənin həlli üçün hüquqi çərçivəmiz var. Lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir.
Ölkə Prezidenti cənab İlham Əliyevin söylədiyi:” Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır” bəyanatı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır.
Bugün əslində, danışıqlar dayanıb. Çünki Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsindən sonra danışıqlar üçün heç bir imkan qalmayıb. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin.
Ermənistanın baş naziri ilkin şərtlər irəli sürüb. Bu da növbəti təxribatdır. Bir neçə ay öncə o, Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini Azərbaycana və Minsk qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə Azərbaycan yox, həm də Minsk qrupu rədd etdi.
Bugün Azərbaycan ordusunun gücü danılmazdır. Azərbaycan tərəfi nə edirsə öz gücü hesabına edir. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var. Ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə belə imkanımız var. Hələlik buna ehtiyac yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən muzdluları cəlb edirlər və sübutumuz var, təkcə erməni əsilliləri deyil. Başqa ölkə vətəndaşlarını müzdla ordularına cəlb edirlər. Buna uyğun bəzi kəşfiyyat məlumatları var. Bundan əlavə internetdə videolar var, Yaxın Şərqdən olan insanlar erməni əsgərləri ilə birlikdə oturub, onların formasını geyiniblər, onlarda Ermənistan milli bayrağı var, onlar birlikdə oturub müzakirə aparırlar. Onlar buna görə məsuliyyət daşımalıdırlar.
Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil, bu artıq bir reallıqdır ki, Ermənistanın bügünkü rəhbərliyi ölkəni uçuruma aparır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prinsipial çıxışı 30 ildən artıq müddətdir xalqımızı mərhumiyyətlərə düçar edən üzücü Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sürətli həllinə inam yaradır. Bu çıxış əsl dövlət adamının, təcrübəli dövlət xadiminin məsələlərə yanaşma tərzinin və baxışlarının sərrast ifadə nümunəsidir.
Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarımızı istənilən yolla azad etsin hansı ki, bugün şanlı müzəffər ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə həmin torpaqları qarış-qarış geri alır, bu da zəfər gününün yaxınlaşdığını deyir.