Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Gənclərinə Dəstək Layihəsinin Naftalan şəhərində seçim prosesi keçirildi.

10 mart 2014 | 16:00

  BMT-nin Uşaq Fondunun (UNİCEF) maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən Azərbaycan Gənclərinə Dəstək Proqramı “Gənclər Fəaliyyətdə” Layihəsi çərçivəsində gənclərin seçim prosesinə start verilmişdir. Seçim prosesi çərçivəsində növbəti görüş Naftalan şəhəri 2 nömrəli tam  orta məktəbin akt zalında Naftalanlı gənclərlə keçirilmişdir.
    Görüşdə gənclərlə birlikdə bir sıra mötəbər şəxslər, eyni zamanda Naftalan şəhər İcra Hakimiyyəti aparatında baş məsləhətçi Müsaməddin Gülmalıyev, Naftalan Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Sənan Axundov, Azərbaycan Gənclərinə Dəstək Layihəsinin koordinatoru Ramil Abdullayev, Layihənin regional koordinatoru Həcər Əsgərova, təlimçilər Yusif Abbasov və Cavid Sadıqov da iştirak edirdi.
    Təxminən iki saat davam edən görüşdə gənclərimizə layihənin təqdimatı edilmiş, onlarla müzakirələr aparılmış, müxtəlif mövzular üzrə iştirakçıların fikirləri öyrənilmiş və yekunda Naftalan Gənclərinin Dəstək Qrupunun tərkibi müəyyən olunmuşdur. Şəhər gənclərinin ən fəal nümayəndələrinin iştirak etdiyi görüşdə qrup üzvlərini seçmək heç də çətin olmamışdır.
    Bu görüşdə xüsusilə şəhərin gənc qızlarının fəallığı və öz fikirlərini sərbəst və dolğun ifadə etmələri diqqət çəkmişdir. Nəticədə, seçilmiş qrupda gender balansını qorumaq asan olmuşdur.
    Özünün şəxsi fəallığı ilə seçilən gənc lider Ayxan Əsgərov Naftalan Gənclərinin Dəstək Qrupunun rəhbəri seçilmişdir. Görüşdə çıxış edən Gənclər və İdman idarəsinin rəis müavini Sənan Axundov Naftalan şəhəri gənclərinin adından bir daha öz təşəkkürünü bildirmişdir. Daha sonra isə layihənin həqiqətən şəhər gənclərinin ictimai fəallıqlarına müsbət təsir göstərəcəyinə əminliyini ifadə etmiş və layihənin uğurlu icrası üçün lazımi dəstəyi göstərəcəklərini bildirmişdir.
      Layihənin əsas məqsədi cənab Prezident İlham Əliyevin yürütdüyü Gənclər siyasətinə dəstək olmaqdan ibarətdir. Eyni zamanda regionda gedən proseslərə, mühüm qərarların qəbul olunması prosesinə yeniyetmə və gənclərin cəlb olunmasıdır. Əsas səbəb onların gələcək inkişafına və cəmiyyətdəkiiştiraklarına təsiretməkdir.
     Məlumat üçün bildiririk ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) müxtəlif ölkələrdən olan bir qrup jurnalistlər tərəfindən yaradılmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır və 1992-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınmışdır. BAMF BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. 2014-cü il 29 yanvar tarixində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statusu olan Əsas Məşvərətçi Status ünvanını qazanmışdır. BAMF, həmçinin Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Beynəlxalq Sülh Bürosunun (BSB) üzvüdür. BAMF Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaradıcılarındandır. Fondun sədri Umud Mirzəyev eyni zamanda Mətbuat Şurasının sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir. Cənab Mirzəyev eyni zamanda Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətinin üzvü və Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü, Büronun 18 Qərbi
Asiya ölkələri üzrə nümayəndəsidir.

Keçidlər