Şriftin ölçüsü :

Saytın rəngi :

Bakının işğaldan azad olunmasından 102 il ötür

16 sentyabr 2020 | 16:00

Azərbaycan xalqının həyatında  möhtəşəm günlərdən biri 1918-ci il sentyabrın 15-də yaşanıb. Həmin gün Azərbaycan ordusu türk hərbçilərlə birlikdə Bakını bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnaklardan azad etdi. Möhtəşəm və tarixi qələbədən sonra Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan hökuməti Gəncədən Bakıya köçürüldü. İşğalçı dəstələr qısa zamanda şəhəri tərk etdilər.  Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu.
    Hər bir xalqın tarixində gələcək nəsillərin həyatına təsir göstərəcək hadisələr baş verir. Bunun dərk edilməsi dərhal deyil, bir az sonra mümkün olur. Biz bunu son illər dərk etmişik, illər boyunca Bakının azad olunması ilə bağlı bütün həqiqətlər gizlədilib. Həqiqət isə belədir ki, Bakı Azərbaycan ordusu və Türk qardaşlarımızdan ibarət Qafqaz İslam Ordusu tərəfindən bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnaklara qarşı aylarla davam edən qanlı döyüşlərdən sonra azad edildi və addım-addım, metr-metr azad olunan Bakı Azərbaycanın  paytaxtı oldu.
Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edib. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
    Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlar zamanı 1130 şəhid vermişdi. Qəhrəman ordunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrdə 10-larla şəhidlik mövcuddur.
     1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyulsa da, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çatmasına imkan vermədi. Lakin Azərbaycan milləti  türk ordusunun Bakının işğaldan azad edilməsi üçün göstərdiyi qəhrəmanlıqları, verdiyi qurbanları həmişə ehtiramla yad etmişdir.            Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə  xatirə abidəsi Şəhidlər Xiyabanında ucaldıldı. 1918-ci ilin sentyabrında Bakının azad olunması uğrunda döyüşlərdə həlak olmuş türk və Azərbaycan hərbiçilərinin bir çoxu da həmin ərazidəki Çənbərəkənd qəbiristanlığında dəfn edilmişdilər. Müəllifi memar Hüseyn Bütünerd olan abidənin tikintisinə 1999-cu il iyunun 24-də başlanılmış, açılış mərasimi isə 2000-ci il aprelin 9-da olmuşdur.
Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.
      Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda möhtərəm Prezidentimiz cənab İlham Əliyev vurğulmışdır ki, “ Bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər. Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir və Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”.
      Qardaş Türkiyənin hərbi dəstəyilə Bakının azad edilməsi Azərbaycan tarixinə daha bir zəfər gününün yazılması demək idi. Bu, eyni zamanda Türkiyə Respublikasının banisi qazi Mustafa Kamal Atatürkün «Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!» fikrinin əyani təsdiqi idi. Bakının azad edilməsindən iki gün sonra Azərbaycan hökumətinin Gəncədən Bakıya köçürülməsi ölkədə tamamilə yeni bir şərait yaratdı. Bundan sonra Azərbaycan hökuməti özünün elm, mədəniyyət, incəsənət mərkəzinə qovuşmuş oldu.Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı.
      Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdımışdılar. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi. Millətimiz öz inkişafı yolunda yeni-yeni sınaqlara sinə gərərək, yaddaşın dərinliklərində əcdadlarının əsl qürur hissləri və heyranlıq doğuran əməllərinin olduğunu üzə çıxartdı.
     Bu gün yenə  eyni ruh və inancla, bir  birlərinə qanıyla, canıyla, dili və diniylə bağlı olan iki dövlət-Azərbaycanla Türkiyə çiyin-çiyinədir. Əminlikdə demək olar ki, bu dostluq və qardaşlıq əbədi yaşayacaqdır!

 

Keçidlər