12 Avqust – Beynəlxalq Gənclər Günü qeyd olunub
Naftalan Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə ŞİH-nin, Gənclər və İdman sektorunun, Heydər Əliyev Mərkəzinin məsul əməkdaşları və fəal gənclər iştirak ediblər.
İlk olaraq Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçirilib. Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin xatirəsi biri dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər iştirakçıları Beynəlxalq Gənclər günü münasibətilə təbrik ediblər. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında mühüm rol oynamış, bu sahədə dərin izlər buraxmışdır. Bu gün ölkəmizdə gənclər siyasəti yeni bir mərhələyə qədəm qoyaraq, mahiyyət və keyfiyyət baxımından daha da təkmilləşmişdir. Xüsusilə istedadlı gənclərin aşkarlanması və onların dəstəklənməsi istiqamətində ciddi addımlar atılır. Prezident cənab İlham Əliyevin qətiyyətli iradəsi və ardıcıl siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf edərək dünyanın qabaqcıl ölkələri sırasında layiqli yerini tutmuşdur.
Tədbirin sonunda şəhərin ictimai həyatında aktiv fəaliyyət göstərən gənclər Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olunublar.















