Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan - Türkiyə dostluğu və qardaşlığı əbədidir.

05 sentyabr 2020 | 16:00

Tarixi köklərini hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bu gün yüksələn xəttlə inkişaf edir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, digər tərəfdən Rusiyanın regionda surətlə Ermənistanı silahlandırması və iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, Ermənistanda yerləşən Rusiya hərbi bazalarının hərbi-texniki gücünün artırılması  Azərbaycanın hərbi təhlükəsizliyinə təhdid yaradan amillər idi. Mövcud vəziyyətdə Azərbaycan üçün hərbi-siyasi müttəfiqlərin əldə edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan üçün Türkiyə kimi hərbi-siyasi müttəfiqin olması çox əhəmiyyətli idi. Türkiyə hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ölkəmizə ilk gündən daim dəstək verərək problemin Azərbaycanın ərazi bütövlü¬yü və sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir. İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlıq, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın hərbi baxımdan və müxtəlif sahələrdə inkişafı, coğrafi mövqeyini gücləndirməsi, eyni zamanda, Türkiyənin güclənməsi deməkdir. İki dövlət arasında hərbi sahədəki əməkdaşlıq regional təhlükəsizlik ehtiyacları nəzərə alınmaqla, inkişaf etdirilir. Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər. Bu mənada həm ikitərəfli səviyyədə, həm də hərbi sahədə əməkdaşlığın davamlı inkişafı  bu müttəfiqliyin ayrılmaz hissəsidir.
     Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.
Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezident bildirib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”
   “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş cari ilin iyulun 2-də qüvvəyə minmişdir. İki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir. İlk olaraq  NATO ilə əməkdaşlıq sənədləri, hansı ki,  bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir. Sonra Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr. Sonuncusu isə Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb.
    Azərbaycan Türkiyə  arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.
Beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi. Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin yüksək səviyyədə olduğu sübut olunub.
Ölkə başçımız cənab İlam Əliyev Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən vurğulayıb ki, “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” Bu cür sözlər etibarlı siyasətin əxlaq fəlsəfəsini özündə əks etdirir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir.
    Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vurğuladığı: “Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz” kimi sözləri Azərbaycanın  açıq diplomatiyasına işarə edir.
    Azərbaycan - Türkiyə hərbi əməkdaşlığı  getdikcə dərinləşməkdədir. Bu  əməkdaşlıq gücləndikcə Ermənistan narahat olur. İki qardaş ölkə arasında intensiv keçirilən birgə hərbi təlimlər Azərbaycan Ordusunun döyüş bacarığını artırır.
      Azərbaycan Türkiyə ilə  birliyini nümayiş etdirməklə  dostları qürurlandırır, düşmənlərə  isə   göz dağı verərək vahimələndirir.  Ancaq hamı bilir ki, Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni  və başqa sahələrdə əməkdaşlığa üstünlük verir. Bakı və Ankara bu istiqamətdə fəaliyyət göstərmək istəyən xoş məramlılara qapılarını açıq saxlayırlar. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bu xoş məramları bir daha təsdiqləyir.

Keçidlər