Şriftin ölçüsü :

Saytın rəngi :

Xeyirxahlıq, mərhəmət - xalqa xidmət missiyası

26 avqust 2020 | 16:00

 Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına nail olub. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldib. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların problemlərinin həllinə yardım  edir.
     Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz növbəsində bütün bu sahələrdəki layihələrin həyata keçirilməsinə, xüsusilə də dünya standartlarına cavab verən və ən müasir informasiya - kommunikasiya texnologiyaları ilə təchiz olunmuş məktəblərin tikintisinə, azərbaycançılıq məfkurəsinin bərqərar olunmasına, milli-mənəvi dəyərlərin qorunmasına, böyüməkdə olan gənc nəslin sağlam, hərtərəfli biliyə malik, layiqli vətəndaş, gələcəyin mütəxəssisi kimi yetişməsinə yardım edir. Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli ictimai qurumdur. Hərtərəfli və dinamik inkişaf yolunu tutan, daim yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Fondun fəaliyyətinin öncül sahələrindən biridir. Mehriban xanımın təşəbbüsü ilə qadın hüquqlarının müdafiəsi istiqamətində aparılan işlər, Qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş “Məişət zorakılığı haqqında" qanunun qəbul olunması, Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması ilə bağlı dəyişikliyin edilməsi birbaşa  Mehriban xanımın adı ilə bağlıdır. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi məqsəd olaraq müəyyən edilib. Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, təhsil, səhiyyə, ölkə iqtisadiyyatının inkişafı, sahibkar kimi biznes strukturları, kənd təsərrüfatı, ordu, idman, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında və İKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar.
       Azərbaycanın birinci xanımı- humanizm, insanpərvərlik, mərhəmət kimi insani keyfiyyətlərin sahibidir. Bu ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın siyasi portretinin ən ümdə və ülvi cizgiləridir. Xalqın taleyini öz taleyində yaşayan Mehriban xanım Əliyevanın ictimai və siyasi  vəzifəni ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi ilk vaxtlardan görünməyə başladı. Mehriban xanım hələ ilk gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunu qazanması, müvəffəqiyyətlərə nail olması ilə fərqlənib.  Onun ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin yaratdığı və özünün də müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, müasir  və müstəqil dövlətimizin qurulması və daha da inkişaf etməsi  prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün çoxşaxəli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün ictimai şüuru ilə Azərbaycançılıq ideologiyasına  bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi namınə fəaliyyət göstərməsi az bir zamanda Ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı. Onun fəaliyyətini qiymətləndirən bir çox xarici ölkələrin tanınmış siyasətçiləri, ictimai xadimləri qeyd edirlər ki,  “Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir”.
      Mehriban Əliyeva bu illərdə vətəndə və xaricdə çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Birinci xanımın, Azərbaycanın füsunkar Ledisinin beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir. Amma onların içərisində bir mükafatın yeri əlahiddə olduğundan burda onu xatırlatmağı vacib sayırıq. Bu, Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının uğurla, böyük qələbə ilə başa çatmasında əsl fədakarlıq nümayiş etdirən “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması idi. Ölkəmizdə gimnastikanın yaradılması və inkişafı da məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Gənc qızlar arasında idmanın bu növünə marağın artması  və beynəlxalq arenada yüksək yerlər tutmaları buna sübutdur.
    Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində onun Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri müstəsna rol oynayır. 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaradılmış, 1996-cı ildə Azərbaycan mədəniyyətinin ölkədən kənarda geniş şəkildə təbliğ olunması məqsədilə 16 dildə çap olunan və dünyanın onlarla ölkəsində yayımlanan “Azərbaycan - İrs” jurnalı təsis olunmuşdur. Azərbaycan mədəniyyətinin dünyada təbliğində, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə əlaqələri xüsusi yer tutur. Azərbaycan-YUNESKO əlaqələri yüksələn xətt üzrə inkişaf etməsində Fondun Prezidenti Mehriban Əliyevanın səyləri danılmazdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın birinci xanımı ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il də təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür. Xüsusi olaraq vurğulamaq lazımdır ki, məhz dövlət başçısı İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, kamança, Azərbaycan xalçası, qadın baş örtüyü kəlağayı, Azərbaycan milli mətbəxinin nümunələrindən olan lavaş və dolma, habelə qədim Azərbaycan şəhəri Şəki YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, Qarabağ atı ilə oynanılan çovqan atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə təşkilatın Təcili qorunma ehtiyacı olan qeyri-maddi irs siyahısında yer almışdır. Mehriban Əliyevanın uzaqgörən ictimai-siyasi fəaliyyəti geniş miqyasda fəal və dünyəvi Azərbaycan qadını obrazının formalaşmasında əvəzsiz rol oynayır.
       Mehriban Əliyeva Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Birinci vitse-prezident valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Mehriban xanımın şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir.
      Azərbaycanın Birinci vitse-prezidenti sivilizasiyaların dialoquna həqiqətən də müstəsna töhfə verib. Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir və klassik Qərb dəyərlərinin vətəni olan Avropanı Asiyada və öz Vətənində təmsil edir. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə isə Mehriban xanımın təşəbbüsü ilə məscidlər, katolik və pravoslav kilsələri, sinaqoq tikilir və ya əsaslı bərpa olunur. Məsələn, Gəncədəki “İmamzadə” dini kompleksi yenidənqurma işlərindən sonra bütün müsəlman dünyasından ziyarətçilərini qəbul etməyə başlayıb.
     Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, eləcə də fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, azərbaycanlılara qarşı törədilən soyqırımların dünyaya çatdırılmasında, təbliğ olunmasında rolu böyükdür. Həmçinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətləri tərəfindən tanınması istiqamətində aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə ölkəmizdə deyil, dünya miqyasında təqdir olunur. Ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülməsi, eyni zamanda, Azərbaycanın bu və ya digər ölkələrlə, təşkilatlarla əlaqələrinin inkişafına verdiyi töhfələrindən irəli gəlir.
       Son günlərdə paytaxtın Yasamal rayonunda  qanunsuz zəbt olunmuş hektarlarla gözəl sahə möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığı, hörmətli Mehriban xanımın təşəbbüsü ilə  xalqın istifadəsinə qayıtdı. Meşə tipli yeni parkın salınması  paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradacaq. Mehriban xanımın  təşəbbüsü ilə ekologiyamızın qorunması üçün keçirilən "Təmiz hava aylığı" çərçivəsində, Bakıda və paytaxtdan kənar ərazilərdə on minlərlə ağac və gül kolları əkildi. Hörmətli Mehriban xanım Əliyevanın Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü də rəmzi aktdır. Onun şərəfinə təkcə poetik misralar səslənmir, musiqi əsərləri yazılmır, həm də yeni həyat tumurcuqları, yeni ağaclar peyda olur. Bu, böyük mütəfəkkirin xatirəsinə inanılmaz hədiyyə oldu.
        Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin sürətli və davamlı inkişafına yeni töhfələr verəcəyinə əminik. Bu inamı yaradan başlıca amil Onun həmdə Azərbaycan elminə böyük töhfələr vermiş  ziyalı ailənin övladı  olması, hər zaman dövlətçiliyimizə, xalqımıza  xidmət etmək istəyi, arzusudur.  Doğum Gününüz Mübarək olsun hörmətli Mehriban xanım!

 

Keçidlər