Naftalanda yağış sularının axıdılması üçün yeni xətlərin çəkilişi işləri davam etdirilir
Naftalan şəhərində baş verən təbii fəlakət-yağan güclü leysan yağışlar və eyni zamanda Goranboy rayonunun dağlıq hissəsindən gələn sel suları şəhərin küçə və yolarına ciddi ziyan vurur.
Uzun illərdən qalmış mövcud problemin və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə şəhərin ərazisində yağış sularının axıdılması üçün yeni xətlərin çəkilişi işləri davam etdirilir. Ümumilikdə şəhər ərazisində diametri 200-1000 mm olan polietilen borularla 10857 paqon metr uzunluğunda xəttin çəkilişi nəzərdə tutulub.
Layihə çərçivəsində şəhərdə toplanan yağış sularının axıdılması üçün yağış barmaqlıqları da quraşdırılır. Yeni şəbəkə istismara verildikdən sonra yağış sularının kanalizasiya sularına qarışmadan birbaşa axıdılması mümkün olacaq və intensiv yağıntılar zamanı yuxarıda qeyd olunan problemlər tamamilə aradan qalxacaq.
Tikinti-quraşdırma işlərinin may ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur.