Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir

08 avqust 2020 | 16:00

Dövlət başçısının apardığı islahatlar və tədbirlər, ilk növbədə, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaqdır. Pandemiya dövründə bu addımlar öz önəmini göstərdi. Həmçinin ölkədə heç bir sosial layihə təxirə salınmadan icra edildi. Yaradılan müəssisələr, yenilənən yol infrastrukturu, açılan yeni obyektlər və reallaşan sosial layihələr bunu bir daha təsdiqləyir. Koronavirusa qarşı aparılan mübarizədə əldə edilən müsbət və inamlı nəticələr onu sübuta yetirdi ki, Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir. Bu isə hər ölkənin bacara biləcəyi məsələ deyil. Əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirən Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada fəal rol oynayır. Bu ağır dövrdə vətəndaşlarımızın rifahı üçün görülən tədbirlər bir daha Azərbaycanın nə qədər qüdrətli ölkə olduğunu bütün dünyaya göstərdi. Möhtərəm Prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən də irəli gedərək, bu amansız pandemiyaya qarşı ciddi mübarizə apardı. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir,  yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Qabaqlayıcı tədbirlərin görülməsi, həkimlərimizin əməyi, yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı digər ölkələrlə müqayisədə çox aşağı səviyyədədir. Hal hazırda 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.  Xəstələrin sayı artdıqca  yeni xəstəxanalara da ehtiyacımız yaranırdı. Ölkə başçısının tapşırığı ilə ölkəmizin müxtəlif şəhər və rayonlarında  modul tipli xəstəxanaların tikintisi təşkil edildi,  modul tipli 9 xəstəxana istismara verildi. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana da istifadəyə verildi, 1300 çarpayılıq xəstəxananın  isə bu ayın sonuna qədər istifadəyə veriləcəyi gözlənilir.
    Son aylar 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Bu ölkələrlə müqayisədə Azərbaycanda  vəziyyət daha yaxşıdır.  Sahibkarlara dəstək şəffaf və mütəşəkkil qaydada göstərilir.  Vergilərin 75 faizi özəl sektorda formalaşır. Aparılan islahatlar nəticəsində 6 ay ərzində proqnozdan əlavə vəsait yığılıb.
    Möhtərəm Prezident cənab İlham Əliyev və hörmətli Mehriban xanım Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı demişdir: “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.
      Bu il rekord sayda, 7 mindən çox məcburi köçkün ailəsinin evlərlə, mənzillərlə təmin olunacağı gözlənilir.  400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. (təkcə son 20 gün ərzində 250 mənzil təqdim edilib). Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.  İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.
     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə  Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib.
     Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı  ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb. Şəhid ailələrinin  aylıq təqaüdü 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ötən dövrdə bu təqaüdün məbləği  3 dəfə artırıldı. Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda)  aylıq sosial müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub. 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox  vərəsəsi ödəmə ilə təmin edilib. Sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayonda  avqust ayındada  190 manat ödəmə təmin ediləcək, 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcək.
     Ünvanlı dövlət sosial yardımı, Sosial xidmətlər ərzaq payları, Məşğulluq və sosial rifaha dəstək , İşsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərlə əlaqəli görülən tədbirlər bir daha göstərdi ki, ölkə başçısı hər bir vətəndaşına xüsusi diqqət və qayğıyla yanaşır.
     Möhtərəm  Prezident cənab  İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərlikləri ilə dövlətimizin həyata keçirdiyi tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində isə məhz ölkə vətəndaşları dayanır.

Keçidlər