Naftalanda gənclərlə video konfrans keçirildi
Naftalan Şəhər İcra Hakimiyyəti, YAP Naftalan Şəhər Təşkilatı və Naftalan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhər gənclərində vətənpərvərlik hissinin aşılanması məqsədilə “Naftalan gənclərinin vətən sevgisi” mövzusunda onlayn video konfrans keçirilib. Konfransda şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov, YAP Naftalan Şəhər Təşkilatının sədri Hatəm Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Goranboy rayon şöbəsinin bölmə rəisi Vüsal Məhərrəmov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev və fəal gənclər iştirak edib.
Onlayn konfransı giriş sözü ilə açan ŞİHB-nin müavini A. Məmmədov çıxış edərək gəncləri bir daha vətənpərvər olmağa çağırıb. Həmçinin Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında ordu quruculuğu sahəsində görülən işlər barədə və naftalanlıların, Naftalanlı gənclərin Vətənin müdafiəsində həmişə fəal olduqlarını, Ali Baş Komandanın əmri olarsa, Vətənin müdafiəsinə hamılıqla qalxacağını deyib. Sonra YAP Naftalan Şəhər Təşkilatının sədri H. Qocayev çıxış edərək ölkə başçısı, Ali Baş komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətdən söz açaraq hər zamankı kimi gəncləri Dövlətin və Dövlət başçısının ətrafında sıx birləşməyə çağırıb.
Digər çıxışçılar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Goranboy rayon şöbəsinin bölməsinin rəisi V. Məhərrəmov və şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev son zamanlar gənclərin könüllü olaraq hərbi xidmətə getməklə bağlı çoxsaylı müraciətlərindən söz açıb və gəncləri sosial şəbəkələrdə vətənpərvərliklə bağlı aktiv olmağa, dezinformasiyaları paylaşmamağa, düşmənə hərbi sirri verməmək məqsədilə sosial şəbəkələrdə hərbi hissələrə yaxın ərazilərin, hərbi texnikaların və hərbiçilərin hərəkət istiqamətini bildirən fotoları paylaşmamağa səsləyiblər.
Sonda şəhərin ictimai-siyasi həyatında aktiv olan gənclərlə birlikdə mövzu ətrafında diskussiya aparılıb.