Prezidentimiz şəhid ailələrinə və müharibə əlillərinə daim qayğı göstərir
Dövlət başçısının sərəncamları ilə ayrılmış vəsait hesabına 8 mindən çox şəhid ailəsi, müharibə əlilləri mənzillərlə təmin olunub, müharibə əlillərinə 7 minə yaxın avtomobil verilib. 2020-ci ildə 7 mindən çox məcburi köçkün ailələrinin mənzillə təmin olunması nəzərdə tutulub. Pandemiya dövründə yeni modul tipli xəstəxanalar tikilib, xarici ölkələrdən xəstələrin müalicəsi üçün həkimlər və mütəxəssilər dəvət edilib.
Ümummilli liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ölkəmizin müstəqil fəaliyyətinə çox böyük təkan verib. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə iqtisadiyyatımız inkişaf edib, ordu quruculuğu başlayıb, güclü və intizamlı ordu yaranıb. Təməli 1993-cü ildə qoyulmuş bu inkişaf yolu sürətlə davam edir. Ordumuzun gücü və qüdrəti artdığına görə düşmənin təxribatlarının qarşısı mərdliklə alınır, sərhədlərimizi pozanların hərbi obyektləri dağıdılır, onlarla canlı qüvvələri məhv edilir. İyul ayının 12-də Tovuz rayonu istiqamətində sərhədlərimizin pozulmasının qarşısı mərdliklə alındı. Düşmən layiqli cavabını aldıqdan sonra dərhal KTMT-na müraciət etdi, bu təşkilatdan Azərbaycanı qınayan bəyanat verməsini tələb etdi. Ermənistan hakimiyyətinin bu cəhdi də baş tutmadı. KTMT-nin üzvü olan Qazaxıstan, Qırğızıstan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatı, 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləməsi barədə bəyanat verdi. Bu hadisələr zamanı çox böyük dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, Parlament üzvləri, İctimai xadimləri Azərbaycanın haqq işini dəstəklədi.
Bütün bu məsələlər bir daha onu göstərir ki, Azərbaycan həm beynəlxalq aləmdə, həm də ölkə daxilində, o cümlədən mənfur düşmənlə mübarizədə çox böyük gücə çevrilib. Azərbaycan xalqı tam əmindir ki, Ali Baş Komandanın ordu quruculuğu siyasəti uğurla inkişaf etdikcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü tam təmin ediləcəkdir. Azərbaycan vətəndaşları işğal olunmuş torpaqlara qayıdacaqdır. Azərbaycan üçün bir nömrəli məsələ - Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmasıdır.
Xalqımız cənab Prezidentin rəhbərliyi ilə bu tarixi sınaqdan şərəflə çıxacağına, şərəfli bir Tarixin yazılacağı günün yaxın zamanda baş verəcəyinə tam əmindir.