İşğalçılar tərəfindən dağıdılmış mülki və dövlət obyektlərimiz bərpa olunur
Cari ilin iyulun 12-dən etibarən Ermənistanın Silahlı qüvvələri Tovuz rayonu istiqamətində sərhədlərimizi xaincəsinə pozaraq ağır artilleriyadan atəş açdıqları üçün yüksək rütbəli hərbiçilərimiz şəhid olmuş və dinc əhali arasında itkilərə səbəb olmuşdu. Ermənilərin silahlardan və artilleriyadan atəş açması sayəsində həmin ərazidə 6 kənddə yaşayan mülki əhaliyə və dövlət əmlakına ziyan dəymişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 20 iyul 2020-ci il tarixli “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə yaradılmış komissiya mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərə dəymiş ziyanı müəyyənləşdirir. Komissiya öz işini başa çatdırdıqdan sonra Tovuz rayonunun ziyan dəymiş 6 kəndində - Ağdam, Əlibəyli, Dondar Quşcu, Vahidli, Yuxarı Öysüzlu və Aşağı Öysüzlü kəndlərində, o cümlədən hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərdə təmir bərpa işlərinə başlanacaqdır. Hazırda dəymiş ziyanın aradan qaldırılması üçün bu sərəncama uyğun olaraq bütün qüvvələr səfərbər olunmuşdur. Bu sərəncam bir daha dövlətin hər zaman vətəndaşın yanında olduğunu əyani sübut edir. Döyüşlərdə şəhid olanların ailələrinə göstərilən ehtiram ölkə vətəndaşlarının vətənpərvərlik hissini daha da gücləndirir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın tapşırığına əsasən fondun nümayəndələri Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşüblər. Heydər Əliyev Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilir. Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları Mehriban Əliyevanın tapşırığına əsasən daim fondun nəzarətində olacaqdır. Qarşıdakı günlərdə fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında şəhid ailələrinə baş çəkməyi davam etdirirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş hesab edilmiş hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına 11 min manat birdəfəlik ödəmə təyin edilmişdir. 2020-ci ilin iyulun 14-dək 12281 şəhidin 18 mindən çox vərəsəsinə birdəfəlik ödəmə verilmişdir. Dövlət başçısının ayırdığı vəsait hesabına şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi yaşayış evi, müharibə əlillərinə 6900 avtomobil verilib.
2016-cı ilin Aprel döyüşləri zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət büdcəsindən Ağdam və Tərtər rayonlarının hər birinə 3 milyon manat vəsait ayrılmışdır. Bu vəsaitlə Ermənistan Silahlı Qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində Tərtər rayonunda dağılmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub, 231 evdə cari təmir işləri aparılıb, 6 saylı tam orta məktəb və 120 şagird yerlik Qazyan kənd orta məktəbində əsaslə təmir işləri aparılmışdır. Ağdam rayonunda isə 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilmiş, 15 ev tamamilə bərpa olunmuş, 27 evdə əsaslı, 693 evdə cari təmir işlləri aparılmışdır.
2016-cı ilin Aprel döyüşlərindən sonra cənab Prezidentin yeni həyat bəxş etdiyi və “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər ordumuzu və xalqımızı bir daha qələbəyə səsləyir. Qısa zaman kəsiyində Cocuq Mərcanlının bərpası, mülki əhalinin və dövlət strukturlarının yerləşdirilməsi üçün tikilən fərdi yaşayış evləri, məktəb və uşaq bağçası binaları, elektrik qaz və su xəttlərinin çəkilməsi bir daha sübut edir ki, Azərbaycan dövləti daima xalqının yanındadır.
Tovuz rayonunun ərazisində erməni təxribatının qarşısını alan Azərbaycan Ordusu dəqiq və sərrast atəşlə onların çirkin əməllərini alt-üst etdi. Bununla da Azərbaycan Ordusu özünün şanlı tarixinin yeni bir səhifəsini yazdı. Azərbaycan Ordusunun bu qələbəsini dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar dəstəklədi, ermənilərin məkirli niyyətini, mülki əhaliyə və sərhədçilərə ağır artilleriyadan atəş açmalarını, mülki əhalinin və hərbçilərin ölümünə səbəb olan bu vandalizmi kəskin pislədilər. Ermənistan sərhəd boyunca terrorçuluqla məşğul olmalarının əsas səbəblərindən biri də Aprel və Günnüt əməliyyatlarında vurulan zərbənin qisasını almaqla yeni torpaqlar işğal etmək, Şərq-Qərb Nəqliyat dəhlizinə, neft-qaz boru kəmərlərinə zərər gətirmək, regionu yeni fəlakətlə üz-üzə qoymaq, sərhəd boyu üstünlüklər əldə etmək olmuşdur.
Azərbaycan vətəndaşlarının, qəhrəman Azərbaycan hərbiçilərinin arxasında güclü dövlətin dayanması bu günlərdə bir daha dünyaya bəyan oldu. Əminik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın hərbi qüdrəti yüksələn xətlə inkişaf edəcək, sosial-iqtisadi və mədəni həyatda yeni zirvələr fəth olunacaq, ölkəmizin müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim dövlətin nəzarətində olacaqdır.