Milli Məclisin deputatı Anar Məmmədov: Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulması və Azərbaycana qarşı təcavüzdür
Koronavirus pandemiyası Ermənistandakı vəziyyəti daha da ağırlaşdırıb. İşğalçı ölkədə son dövrlər bir neçə yüksək vəzifəli şəxslərin ard-arda istefa verməsi hökumətdə ciddi qarşıdurmanın olduğunu və ölkənin siyasi böhrana sürükləndiyini göstərir. Paşinyan isə bütün bunları yaxşı bilir və ölkədəki böhranlı vəziyyətdən diqqəti yaynıdrmaq üçün cəbhədə təxribata əl atıb. Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Lakin qürurverici haldır ki, rəşadətli Azərbaycan Ordusu təxribatın qarşısını böyük cəsarətlə alıb və ermənilər çoxsaylı itki veriblər. İşğalçılar bu dəfə də istəyinə nail ola bilməyib və layiqli cavabını alaraq geri oturdulub. Mənfur düşmən yenə də öz çirkin xislətinə sadıq qalaraq sərhəddə süni gərginlik yaradaraq yenə də qeyri - konstruktivlikdən əl çəkməyəcəyini, yeni ərazilər əldə etmək cəhdinin növbəti təxribatı olduğunu göstərmiş oldu. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi.
Ermənilər özləri sosial şəbəkələrdə yazırlar ki, 30-dan çox itki veriblər. Onlar arasında zabitlər də var. Ermənistan hakimiyyəti əvvəllər olduğu kimi bu dəfə də ölən və yaralanan hərbçilərin sayını gizlədir, real rəqəmləri açıqlamır. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan bununla sıravi ermənilərin qəzəbindən yayınmağa çalışır. Əgər hökumət itkilərin real sayını açıqlasa onsuz da Paşinyandan bezmiş ermənilər ayağa qalxacaqlar və bunun səbəbini soruşacaqlar. Ona görə də erməni tərəfi itkilərini gizlədir. Bəzi məlumatlara görə, ermənilərin bir neçəsinin meyiti neytral ərazidə qalıb.
Ermənistanın dövlət sərhədində iriçaplı artilleriya qurğularından istifadə edərək hücuma keçməyə cəhd göstərməsi bu ölkənin təcavüzkar olduğunu bir daha təsdiqləyir. Ermənistan bu dəfə təxribatı cəbhənin Dağlıq Qarabağ istiqamətində deyil iki ölkənin dövlət sərhədində törədib. Bununla da erməni tərəfi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq ölkəmizə qarşı növbəti təcavüzü həyata keçirtmək istəyib. Belə olan təqdirdə isə beynəlxalq təşkilatlar Ermənistanın bu təcavüzkar addımına, başqa ölkənin sərhədində güc tətbiq etməsi aktına dərhal münasibət bildirməlidirlər, bunu açıq formada qınamalıdırlar və təcavüzkarı dayandırmaq üçün əməli addımlar atmalıdırlar. Eyni zamanda, dünyada sülh, təhlükəsizlik və əməkdaşlığa cavabdeh olan beynəlxalq qurumlar – BMT, ATƏT, Avropa İtitfaqı, Avropa Şurası, NATO Ermənistanın bu addımına göz yummamalıdırlar, ermənilərin artilleriya qurğularından istifadə etməklə törətdiyi təxribatı pisləməlidirlər və rəsmi Yerevanı dayandırmaq üçün dərhal hərəkətə keçməlidirlər. Çünki Ermənistan yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir.