Ali Baş Komandan – Ordu Quruculuğu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Silahlı Qüvvələr Günü münasibətilə hərbiçiləri təbrik edərkən qeyd etmişdir ki, onun fəaliyyətində ordu quruculuğu birinci yerdədir. Ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir. Yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Hazırda şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir və bu proqram davam edir. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara yaxşı mənzillər verilibdir, bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcəkdir.
Dünyada orduların reytinqlərində Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Ancaq biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onlar Azərbaycanda - bizim coğrafiyada bir-birinə inteqrasiya edilir. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz Rusiya, Belarus, İsrail, Türk və digər ən son modifikasiyalı, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır. Pilotsuz uçuş aparatları ən yüksək səviyyəli istehsalçıların istehsalıdır. Eyni zamanda, Azərbaycanda da bu istehsal təmin edilib.
Yerli istehsala gəldikdə, deyə bilərəm ki, 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Əvvəllər heç zaman bizdə hərbi sənaye istehsalı yox idi. Əgər biz bunu yaratmasaydıq, bu gün böyük problemlərlə üzləşə bilərdik. Amma indi nəinki özümüzü bir çox hərbi təyinatlı məhsullarla təmin edirik, ixrac da edirik və ixrac coğrafiyamız artıb. Biz onlarla ölkəyə hərbi məhsul ixrac edirik. Heç 15 il bundan əvvəl bu haqda fikirləşmək də əbəs idi. Onu kimsə desəydi, bəlkə də inanmazdılar. Amma bu, reallıqdır. Reallığı biz yaradırıq, öz əllərimizlə, öz gücümüzlə, öz iradəmizlə.
Ona görə bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Çünki mən bunu dəfələrlə demişəm, əfsuslar olsun ki, biz real tariximizi bilməmişik. Bugünki ermənistan Azərbaycan torpaqlarında formalaşıb. Gənclərimiz bugünki ermənistan xəritəsində coğrafi toponimlərin əsil adlarını bilməlidirlər, ermənistan tarixi Azərbaycan torpaqlarında yüzlərlə tarixi abidələrimiz, qəbiristanlıqlarımızı, dini məbədlərimizi məhv etdi, viran qoydu. İndi qanunsuz məskunlaşma aparmaqla torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi erməniləşdirmək istəyirlər. Biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım da geri atmayacağıq. Bu gün də Dağlıq Qarabağ və onun ətrafında 7 rayonumuzun tarixi və dini abidələrini, təhsil, mədəniyyət və səhiyyə ocaqlarını məhv etməklə öz terrorist əməllərini davam etdirir.
Bütün digər amillərlə yanaşı döyüş qabiliyyəti artırılmalıdır. Bu istiqamətdə də lazımi addımlar atılır. Həm 2016-cı, həm də 2018-ci illərin hərbi əməliyyatları bunu göstərdi. Biz böyük ərazini işğalçılardan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq, ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Ona görə döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq. Geosiyasi vəziyyətə daim nəzarət etməliyik.
Biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə çıxış edənlərin, dünya liderlərinin bir çoxları bu məsələyə aydınlıq gətiriblər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Heç kimin bu haqda şübhəsi olmasın. Bütövlükdə ermənistana və Dağlıq Qarabağ məsələsinə gəldikdə, öz müqəddəratını müəyyənetmə prinsipi işləmir, çünki erməni xalqı öz müqəddəratını bir dəfə müəyyən edib, onların erməni dövləti var, baxmayaraq ki, Azərbaycan torpağında yaradılıb. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik. Ancaq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü prinsipi bu gün üstünlük təşkil edir. Ona görə bizim mövqeyimiz beynəlxalq hüquq, tarixi ədalət baxımından mükəmməldir, münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır.
Əlbəttə, bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. O, əvvəlki hakimiyyəti yıxmaq üçün ən çirkin, ən xəyanətkar əməllərə əl atdı, Şuşanı ermənilərə təhvil verdi. Hərbçilər yaxşı bilirlər, Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Onu təhvil verdilər, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Əfsuslar olsun ki, belə də oldu.
1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi, Xalq Cəbhəsinin dəstələri qanunsuz yollarla hakimiyyətə gəldi. Ondan sonra nə etdilər? Ondan sonra ölkəmizi dağıtmağa başladılar. İşğal edilmiş torpaqlar qaldı bir yana, onlar isə talançılıqla, rüşvətxorluqla, oğurluqla məşğul idilər, kabelləri kəsib satırdılar. Kütləvi talançılıq baş alıb gedirdi. Nəticədə bir tərəfdən xalq buna dözmədi, digər tərəfdən 1993-cü ilin aprelində ermənistan Kəlbəcəri işğal etdi. Qanunsuz yollarla hakimiyyətə gəlmiş həmin xəyanətkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti Kəlbəcəri ermənistana təhvil verdi və ondan sonra ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. Artıq gediş-gəliş və silah-sursat, texnika və təchizat başlanmışdı. Ondan sonra nə etdilər? Torpaqları müdafiə etmək əvəzinə qardaş qanını axıtdılar, vətəndaş müharibəsini başladılar, Gəncəni bombaladılar. Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Orada torpaqlar əldən gedir, burada bir-birini qırırlar ki, hakimiyyətə gəlsinlər. Məhz bunun nəticəsində torpaqlarımız işğal altına düşdü. Əgər Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi.
İndiki şəraitdə biz gücümüzü daha da artırmalıyıq və artırırıq, ermənistan isə artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. Yəni, belə çıxır ki, 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib.
Hazırda ermənistanda artıq diktatura hökm sürür. Bu, qaçılmaz faktdır. Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki ermənistanın rəhbərləri kimdir. Eyni zamanda, ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. İndi bunu artıq üzə çıxardırlar. Sən demə, qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Siqaret qaçaqmalçılığının başında baş nazir, onun ailəsi, yaxınları dayanır. Ondan sonra zəngin iş adamlarına qarşı cinayət işləri açılır, sonra da onlar məcbur edilir ki, - bir fond yaradıblar, - o pulları fonda köçürsünlər. O fonddan da bu pullar çəkilir, mənimsənilir. Yəni, bu gün ermənistanın baş naziri və onun yaxın qohumları, ətrafı rüşvətxorluq rəmzinə çevrilib. Baxın, bunların maliyyə imkanları iki il bundan əvvəl nə idi, indi nədir.
İndi ermənistan Avropa İttifaqından 90 milyon dollar pul dilənir, ondan-bundan dilənir. Deməli, demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. Bu gün ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır. Bunu mən bilirəm və ermənistan rəhbərliyi bilir. Bir də ki, bu ölkə qonşulara - özü də kimə, Türkiyə kimi böyük bir ölkəyə ərazi iddiaları irəli sürür. Dırnaqarası soyqırımı ilə bağlı Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürülür. Heç bir soyqırımı olmamışdır, ermənilər həm 1918-ci ildə, həm də Xocalıda bizə qarşı soyqırımı törətmişlər. Ona görə belə bir iddia ilə yaşayan ölkənin gələcəyi çox qaranlıqdır.
Biz isə hər sahədə, beynəlxalq müstəvidə güclənirik, güclənməliyik - ölkə daxilində sabitlik, iqtisadi sahədə islahatlar, sosial problemlərin həlli, regionların inkişafı və nəhayət, ordu quruculuğu. Ona görə bu yolla biz gedəcəyik, ordumuzu bundan sonra da gücləndirəcəyik, nə qədər lazımdırsa, orduya o qədər vəsait ayıracağıq. Heç nəyə baxmadan, - neftin qiyməti 14 dollara düşdü, Xalq Cəbhəsinin sevincinə səbəb olan o hadisəni xatırlatmaq istəyirəm, yaxud da ki, qalxdı, fərq etməz, - bizim iqtisadiyyatımız dayanıqlıdır və biz ordumuza nə lazımdırsa, bundan sonra da edəcəyik.