Ordumuz torpaqlarımızı düşməndən azad etməyə qadirdir
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. İyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi qeyd edilir. Bu günün bayram günü kimi tarixə salınmasının müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
Ölkəmizdə ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlar aparılıb, hələ də aparılmaqdadır. Hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Son illərdə silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması möhtərəm cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikamızın iqtisadi qüdrətinin ildən-ilə güclənməsi möhtərəm Prezident cənab İlham Əliyevə bu sahədə ardıcıl tədbirlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa imkan vermişdir. Dövlət başçısı ölkəmizdə hərbi potensialın daha da gücləndirilməsi, bu prosesdə qabaqcıl dövlətlərin təcrübəsinə istinad olunması kimi mühüm məsələləri diqqət mərkəzində saxlamışdır.
Günün müxtəlif vaxtlarında, istənilən iqlim şəraitində irimiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini dəfələrlə nümayiş etdirir. Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir, Ulu Öndərimizin ideyalarına sadiqdir, Vətənin hər bir çağırışına hər an hazırdır. Bu gün xalq ilə ordunun sağlam və monolit birliyi yaranıb. Xalq öz ordusuna inanır, onun gücünə güvənir. Şəhid ailələri, müharibə veteran və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. İnanırıq ki, bu ordumuzu sevindirməklə yanaşı, məsuliyyətini də daha da artırır.
Ən müasir silahlarla, döyüş texnikaları ilə təmin edilən Silahlı Qüvvələrimizi peşəkar zabit kadrları ilə komplektləşdirən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Litseylərdə tədris proqramları yenilənib, zənginləşib ki, bu da zabit kadrları hazırlığının NATO standartlarına uyğunluğunu təmin edir. Silahlı Qüvvələrin Hərbi Akademiyasında fəaliyyətə başlayan adyunktura ordu quruculuğunun elmi əsaslarla davam etdirildiyinə inandırıcı zəmanətdir. Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə fəallıq göstərir. Ölkənin Sülhməramlı Qüvvələri Əfqanıstandakı koalisiya əməliyyatlarında iştirak edir.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
Cənab Prezidentin qətiyyətlə qeyd etdiyi kimi, Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcəkdir. "Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz Azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq", - deyə dövlətimizin başçısı bəyan etmişdir.
Xalqımız Silahlı Qüvvələrimizin Ali Baş Komandanının möhkəm iradəsi və səyi nəticəsində ölkəmizin ərazi bütövlüyünün tezliklə təmin olunacağına və üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanacağına əmindir. Silahlı Qüvvələrimiz bu şanlı və şərəfli vəzifəni yerinə yetirməyə daim hazırdır. Bütün qoşun növlərinin şəxsi heyətinə uzaqda olmayan qələbə günü naminə böyük uğurlar və zəfər arzulayırıq.