Şriftin ölçüsü :

Saytın rəngi :

23 İyun Dövlət qulluqçularının peşə bayramı günüdür

23 iyun 2020 | 16:00

Möhtərəm Prezident cənab İlham Əliyev: "Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır"
      Dövlətimizin əldə etdiyi bütün uğurlarda dövlət qulluqçularının öz payı var. Məhz dövlət qulluqçusunun öz işinə münasibəti, onların etik davranış qaydalarına əməl etməsi, bir tərəfdən dövlət siyasətinin həyata keçirilməsini təmin edən, digər tərəfdən ölkə vətəndaşlarının dövlət idarəetmə orqanlarına münasibətini formalaşdıran əsas amildir.
     İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Möhtərəm  Prezident  cənab İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
    Ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində milli kadr potensialının formalaşdırılması sahəsində hələ ötən əsrin 70-80-ci illərində gördüyü işlərdən, eləcə də müstəqil Azərbaycanda müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi, dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, bu sahədə hüquqi bazanın yaradılması sahəsində mühüm tarixi xidmətləri danılmazdı. Ulu öndərimizin fəaliyyəti yüksək vətənpərvərlik və milli dövlətçiliyə sədaqət hissinə, xalqa layiqli və yorulmadan xidmət məramına əsaslanan dövlət qulluğu nümunəsi kimi müstəqil Azərbaycanda hər bir dövlət qulluqçusu üçün əbədi örnəkdir.
      Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət nəticəsini göstərir və ölkədə aparılan islahatların nəticəsidir.
      Müasir cəmiyyətimizdə dövlət qulluğu dövlət siyasətinin, onun məqsəd və funksiyalarının reallaşmasında, dövlətçiliyimizin  möhkəmləndirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əsas mexanizm kimi çıxış edir. Dövlət qulluğu dövlət hakimiyyətinin idarəetmə təsirini göstərən və dövlət idarəetməsinin daxili mahiyyətini açan geniş anlayışdır. Dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar. Mənəvi saflıq, vicdanlılıq dövlət qulluğunun  əsas meyarlarından biridir.
     Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini artırır. Azərbaycanda dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsini və onlara tapşırılan mürəkkəb vəzifələrin daha keyfiyyətli  yerinə yetirilməsini təmin etmək üçün bu kateqoriyadan olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması da ölkə Prezidentinin daim diqqət göstərdiyi məsələlərdən biridir.
       Azərbaycan dövlətinin sürətli inkişafı, dünyanın nüfuzlu iqtisadi qurumları tərəfindən tanınan nailiyyətləri, ilk növbədə, ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl və davamlı islahatların nəticəsidir və bu islahatların səmərəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir, əldə olunan uğurlardan bəhrələnir. Atılan hər bir addımda, həyata keçirilən layihələrdə yalnız və yalnız ölkə vətəndaşlarının xoş güzəranı düşünülür.
     Respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də  dövlət qulluğu işinin təkmilləşdirilməsi, bu sahədə əsl peşəkar kadrların yetişdirilməsi  istiqamətində çox iş görülür. Son zamanlar  gənclərin dövlət qulluğuna cəlb edilməsi, bu sahədə onlara  etimad göstərilməsi öz səmərəsini verməkdədir.
      Dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar.
    Müasir dövrdə  Birinci vitse-prezident  hörmətli Mehriban xanım Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına  nümunədir. O, müasir Azərbaycan  qadın hərəkatının lideri kimi dövlətimizin  tərəqqisi naminə  geniş  fəaliyyət göstərir. Bu gün Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi millət vəkilidir. Bu fəallıq, malik olduğumuz tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.  Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edərək, özünün  fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı  bacarır.
     Bu gün hər bir vətəndaş fəxr etməlidir ki, müstəqil və suveren Azərbaycan dövlətinin, regionun lider dövlətinin vətəndaşlarıyıq.
        Bir daha Azərbaycan vətəndaşı bilməlidir ki, vətənə xidmətdə hər bir dövlət qulluqçusuna ən ideal örnək  məhz Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.
      Dövlət qulluqçularına vəzifə səlahiyyətlərini məsuliyyətlə, peşəkar səviyyədə yerinə yetirməyi, dövlətə millətə  layiqli xidmət etməyi, yüksək nailiyyətlər əldə etməyi arzulayırıq.

Keçidlər