Rəqəmsal Texnologiyaların tətbiqində Azərbaycanın rolu
Dünyada ən iri transmilli şirkətlərdən biri də “Microsoft” dur ki , Azərbaycanla sıx əməkdaşlıq edir. Azərbaycan dövlətinin başçısı cənab Prezidentimiz İlham Əliyevin şəxsi nüfuzuna, onun dünyanın sayılıb-seçilən liderlərindən biri olması məhz xarici iri, şirkətlərinin ölkəmizə marağını daha da cəlb edici edir. Bir sıra dövlətin, nüfuzlu şirkətin rəhbər şəxsləri ilə onlayn-videokonfranslar formatında görüşlərin keçirilməsi Azərbaycanın bu yöndəki əzmindən, əməkdaşlıq, tərəfdaşlıq niyyətlərindən xəbər verir. Əvvəllər şirkət rəhbərliyinin Prezident İlham Əliyevlə, eləcə də hər iki tərəfin mütəxəssislərinin bir-biri ilə görüş və müzakirələri olub. Bu dəfəki görüş isə dünyada yaranmış pandemiya vəziyyəti ilə əlaqədar videokonfrans şəklində keçirilib. Tədbirdə toxunulan mövzulardan birincisi, təbii ki, koronavirus pandemiyası ilə mübarizə məsələsi olub. “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq ölkəmizdə bu istiqamətdə aparılan çoxşaxəli işi yüksək dəyərləndirib.
Möhtərəm Prezident cənab İlham Əliyev vurğulayıb ki, "Baxmayaraq, əlbəttə ki, bu pandemiya bizim ənənəvi həyat tərzimizə ciddi şəkildə müdaxilə edir, bununla belə biz özümüzü reallığa uyğunlaşdırmalıyıq. Bizim pandemiyanın öhdəsindən gəlməklə bağlı səylərimiz barədə sözlərinizə görə sizə təşəkkür edirəm. Həqiqətən də, Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb. Vəziyyət nəzarət altındadır. Eyni zamanda biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk”.
Azərbaycan "Microsoft”la bir çox sahələrdə, o cümlədən açıq açar infrastrukturu ilə mübarizə, kibertəhlükəsizlik, informasiya texnologiyalarının təhsildə tətbiqi və internet əşyalar texnologiyası və kadrların təlimi kimi sahələrdə sıx əməkdaşlıq edir. Şirkətin Azərbaycanda nümayəndəliyi də uğurla fəaliyyət göstərir.
Dünyanın nüfuzlu şirkətlərinin Azərbaycanla əməkdaşlığa yüksək marağı var. “Microsoft” şirkətinin rəhbərliyində təmsil olunmuş şəxslərin ölkəmiz haqqında yüksək fikirləri, əməkdaşlığın perspektivləri, irəli sürdüyü təkliflər xüsusi əhəmiyyətə malikdir. Şirkətin Azərbaycandakı təmsilçiliyi 2005-ci ildən fəaliyyət göstərir. "Microsoft - Azərbaycan”ın əsas məramı ölkəmizin tam potensialının həyata keçirilməsinə dəstək göstərməkdir. Başlıca hədəf "Microsoft Korporasiyası”nın ən son məhsul və həllərinin daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın strateji inkişaf məqsədlərinə çatmasına xidmət etməkdir.
F.Roq "Microsoft”un Azərbaycanın təxminən 1 milyon tələbəsi üçün əlaqə qura bildiyini söyləyib. Həmçinin bildirib ki, digər ölkələrdə üzləşdiyi problem evlərdəki qurğuların sayının məhdud olmasıdır: "Anlayıram ki, bu, sizdə problem deyil. Bu isə yaxşı xəbərdir. Çox ölkələr, əslində, yetəri qədər qurğular əldə etmək üçün çətinlik yaşayıblar. Ana, ata və uşaqlar evdədirlər və kompüterdən istifadə uğrunda mübarizə aparılır. Lakin görünür, sizdə bu problem yoxdur və bu, yaxşı xəbərdir”. "Microsoft”un süni intellekt platforması Azərbaycan dilini də tezliklə dərk edəcək və Azərbaycan dilində tərcümə xidmətinin istifadəyə verilməsini şirkətin özü də səbirsizliklə gözləyir.
“Bizim əsas strategiyamız sizin də bildiyiniz kimi, karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Buna görə düşünürəm ki, bu məsələ üzərində birgə çalışmağımız əməkdaşlığımızı gücləndirə bilər”-deyə, dövlət başçımız vurğulayıb.
Bu görüş bir daha Azərbaycanın modernləşməkdə, yeniləşməkdə, yeniliklərin tətbiqində və yayılmasında, səmimi tərəfdaşlıqda nə qədər israrlı olduğunu hər kəsə göstərdi. Çünki inkişaf, tərəqqi yeniliklərsiz, yeni texnologiyalarsız və səmimiyyət üzərində qurulan əməkdaşlıq olmadan mümkün deyil. Azərbaycan Respublikası Prezidentinin iradəsi, qətiyyəti, yeniliklərə açıq və səmimi tərəfdaş olması sayəsində məhz bunlara nail olur, uğurlara, irəliləyişlərə imza atır. Bu cür görüşün keçirilməsi, önəmli qərarların alınması, razılıqlara gəlinməsi Azərbaycanımızın bundan sonrakı ikişafına, tərəqqisinə, yeniləşməsinə mütləq şəkildə öz töhfələrini verəcək. Belə görüşlər sayəsində Azərbaycanda İKT alətləri daha da optimallaşacaq. Həmçinin innovativ alətlərin tətbiqi sürətlənəcək.
Sonda möhtərəm Prezidentimiz - bu tərəfdaşlığın böyük potensialı, böyük gələcəyi var, və pandemiyadan sonra Bakıda görüşmək ümüdi ilə söyləyərək görüşə yekun vurub.