Şriftin ölçüsü :

Saytın rəngi :

Ağ xalatlı qəhrəmanlar

17 iyun 2020 | 16:00

Xalqımızın  fiziki və mənəvi sağlamlığının yüksək səviyyədə təmin olunması  həkimlərdən və tibb işçilərindən böyük məsuliyyət tələb edir. Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Tibb peşəsi olduqca məsuliyyətli və çətindir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə ki, bu insanlığa dərin məhəbbət tələb edir. Həyat üçün məsuliyyət daşımağa hazır olmaq lazımdır.
    Tibb işçiləri  həyat həqiqətlərinə güclü inamı, nəcibliyi, mənəvi zənginliyi, saflığı ilə seçilirlər. Xeyirxahlıq, qayğıkeşlik, seçdikləri  peşələrində  belə onlar üçün ali məqsədə çevrilir.  Bu gün xəstələrlə tibb işçiləri arasında bir qarşılıqlı inam var. Bunu hamı özünün müqəddəs işi, borcu bilir. Xəstənin həkimə inamı artıq ilk başlanğıcda xəstəliyin sağalmasının 50 faizi deməkdir. Çünki insanın özünə inamı onu bütün çətinlikləri keçməyə səfərbər edir. Ona görə də müdriklərimiz deyib ki, "inam həyatın sərmayəsidir".
      Azərbaycan dövləti əhalinin səhhəti naminə, ən ağır xəstələrin, həyatı dərman təminatından asılı olan insanların müalicəsinə yardım etmək üçün xüsusi dövlət proqramları qəbul edir. Məhz bunun nəticəsində həmin xəstəliklərdən əziyyət çəkən insanların həyat keyfiyyəti yaxşılaşır, ömrü uzanır. Dünya ölkələri arasında əlaqələrin gündən-günə genişləndiyi, internet, sosial şəbəkələr vasitəsilə istənilən yerdən məlumat almaq imkanının olduğu bu şəraitdə hər kəs Azərbaycan səhiyyəsini, tibb müəssisələrinin maddi-texniki təchizatını dünyanın ən qabaqcıl səhiyyə sistemləri ilə müqayisə edə bilər və onların heç birindən geri qalmadığını, bir sıra hallarda isə hətta onları üstələdiyini görə bilər.
     Səhiyyəmizin inkişafı ilk növbədə məhz bu mütəxəssislərdən – həkimlərdən və digər tibb işçilərindən asılıdır. Çünki xəstəni sağaldan nə səliqəli xəstəxana binası, nə rahat palatalar deyil. Müasir diaqnostik cihazlar, innovasion texnologiyalar yalnız savadlı həkimin əlində şəfa alətinə çevrilir. Heç bir avadanlıq tibb işçisinin biliyini və bacarığını, xəstəyə həssas və diqqətli münasibətini əvəz edə bilməz.
       Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Möhtərəm Prezident cənab  İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən cənab  Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
     Dünyanın hazırda bir nömrəli probleminə çevrilən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə əsas güc səhiyyə işçilərinin üzərinə düşür. Onlar pandemiya dövründə həyatlarını riskə ataraq böyük əzmlə virusa yoluxmuş şəxsləri müalicə edirlər. Bu fədakarlar sırasında  Naftalan şəhər Mərkəzi Xəstəxanasının həkimləri və tibb işçiləri də var. Bu gün hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır, hər birimiz onların əməyini yüksək qiymətləndirməliyik. Hər birimiz  xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlərin danılmaz olduğunu, pandemiya ilə mübarizədə uğurun əldə edilməsində heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin böyük rolu olduğunu bilməliyik. Çünki koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə "əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar.
     Peşələri üçün canından belə keçməyə hazırdırlar.  Hər gün işdən yorğun çıxsalar da, calışırlar ki əhvallarını  yüksək tutsunlar, ruhdan düşməsinlər, ümidlərini itirməsinlər, üzlərindəki təbəssümü həmişə  qoruyub saxlasınlar. Bu gün insanların şəfa tapmasına yardım etdikləri üçün qürur duyurlar. Könüllü olaraq gəlib və heç də peşman deyiləm deyən tibb işçilərimizin sayı bu gün həddindən artıqdır.  İnsanlara kömək, yardım etdikcə, şəfa tapan xəstələri gördükcə özlərini  xoşbəxt hiss edirlər.
    Onu da unutmaq olmaz ki, əgər bizi gözəgörünməz bir qüvvə idarə edirsə, yerdə də insanların saglamlığının keşiyində duran tibb işçilərimiz vardır. Biz  hər zaman tibb işçilərinə hörmətlə yanaşmalı,onların peşəsini yüksək dəyərləndirməliyik. Bu gün Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə tibb işçisi var.
    Möhtərəm  Prezidentimiz cənab İlham Əliyev xalqımızın sağlam yaşamasına insan amilinə, insan  kapitalına həmişə  böyük üstünlük verir. Cənab Prezidentimizin bu mövqeyi ilə fəxr edirik. Tibb işçilərinin pandemiya dövründəki gərgin və yorulmaz fəaliyyətlərini bir daha yüksək dəyərləndirən  möhtərəm Prezidentimiz çıxışlarının birində vurğulayıb: "Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır". Bu sözlər tibb işçilərinin  məsuliyyət hissini  daha da artırır  və qururlandırır.
    Möhtərəm  Prezidentimiz cənab İlham Əliyev və  Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın  koronavirusla mübarizə tədbirlərini şəxsi nəzarətlərində  saxlamaqları  və düzgün istiqamət verməkləri  sayəsində  Azərbaycan həkimlərinin  tezliklə bu mübarizədən qalib çıxacaqlarına  inanırıq.
       Peşə bayramı münasibətilə Azərbaycandakı bütün tibb işçilərini təbrik edir, onlara hər zaman olduğu kimi Hippokrat andına sadiq olmalarını diləyirəm.

Keçidlər