Naftalan şəhərində əhalinin tibbi müayinədən keçirilməsinə start verilmişdir.
Azərbaycanda gedən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Vətəndaşların sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Bunun bariz nümunəsi isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqdır.
Ölkə başçısının tapşırığı ilə əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı aksiya fevralın 17-dən Naftalan şəhərində də uğurla başlanmışdır. Sakinlərin tibbi müayinə barədə məlumatlandırılması və ölkə başçısının tapşırığına uyğun olaraq onların tibbi müayinədən keçirilməsi üçün mühüm işlər görülmüşdür. Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımi avadanlıqlarla tam təchiz olunmuş, vətəndaşların rahatlığı üçün bütün lazımi şərait yaradılmış, o cümlədən icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Qrafikə əsasən ilkin olaraq şəhərin idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar tibbi müayinədə iştirak edirlər. Həmçinin xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
Müayinələr əsasən həkim terapevt, stomotoloq, kardioloq, ginekoloq tərəfindən həyata keçirilir. Bundan başqa diabetik xəstələr üçün qan təhlili müayinələri də aparılır.
Bu cür müayinələrin aparılması ilk növbədə əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Müayinələr may ayının 1-nə kimi aparılacaqdır.
Fevral ayının 17-dən may ayının 1-nə kimi 17 yaşdan yuxarı 7349 nəfər şəhər əhalisinin tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur.