Naftalanda şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri ilə “15 İyun - Milli Qurtuluş Günü” ilə bağlı videokonfrans formatında tədbir keçirilib.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş videokonfrans keçirib.
Videokonfrans formatında keçən tədbiri açan şəhər rəhbəri qeyd edib ki, Azərbaycanın tarixində elə günlər var ki, həmin günlər xalqımızın gələcək taleyinin müəyyən olunmasında böyük başlanğıcların əsasını qoyub.
Tarixi hadisələrlə zəngin belə günlərdən biri 15 iyun 1993-cü il tarixidir. Xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil olan bu gün təqvimdə, sadəcə, bir bayram günü deyil, ictimai, siyasi, tarixi hadisələrlə zəngin bir gündür. Ümummilli lider Heydər Əliyev 1993-cü il 15 iyun tarixində xalqın xahişi ilə Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin-amanlıqdan, inkişafdan danışmaq olmazdı. Ulu Öndər öz həyatını böyük risklərə atmasına baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkəmizdə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına və tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə həkk olundu və rəsmi bayram kimi qeyd olunur.
Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan icra başçısı həmin siyasətin bu gün möhtərəm Prezident cənab İlham Əliyev və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirdə ŞİHB-nın müavini Arzu Məmmədov, aparatın əməkdaşı Kəmalə Hüseynova, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr Tural Məmmədov və Arzu Mustafayev Milli Qurtuluş Günü ilə bağlı çıxış ediblər.