Azərbaycan-beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaşdır
İyunun 1-də cənab Prezident İlham Əliyevlə Asiya İnkişaf Bankının Prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
Prezident İlham Əliyev ilk olaraq Masatsuqu Asakavanı Asiya İnkişaf Bankının Prezidenti seçilməyi münasibətilə təbrik etdi və fəaliyyətində uğurlar arzuladı. Əminliyini bildirdi ki, onun rəhbərliyi dövründə Azərbaycan və AİB son 20 ildə olduğu kimi, sıx şəkildə işləməyə davam edəcək. Qeyd etdi ki, biz çox güclü tərəfdaşlıq qurmuşuq. Hamımız Asiya İnkişaf Bankının illik toplantısının 2015-ci ildə Bakıda keçirildiyini xatırlayırıq. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlaməti idi və görüş çox uğurla keçdi.
Dövlət başçısı bildirib ki, Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür: «Bu vəsait bizə infrastruktura investisiya yatırmağa kömək edib. Biz elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəklədiyinə görə Asiya İnkişaf Bankına çox minnətdarıq».
Prezident AİB-in Azərbaycanın ən iri layihələrindən olan qaz boru kəmərinə dəstəyini xüsusi qeyd edib: “Əlbəttə ki, biz Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə sadiqliyinizə və dəstəyinizə görə minnətdarıq. Mən deyə bilərəm ki, AİB bu layihəyə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. Çox mühüm və vaxtında göstərdiyiniz dəstək bizə, həmçinin çox geniş kreditorlar qrupu yaratmağa kömək etdi. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi tamamlanmağa çox yaxındır, 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlamətidir”.
Cənab Prezident böyük əhəmiyyətə malik digər bir məsələni də vurgulayıb. “Biz artıq şimaldan - Rusiyadan daxil olan, Azərbaycan ərazisindən qərb və cənub istiqamətində yükləri qəbul edirik. Lakin İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolumuzun keyfiyyəti yaxşı deyil. Buna görə də biz qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və biz bunu etməyi planlaşdırırıq. Çünki belə ola bilər ki, bütün yüklərin öhdəsindən gəlmək üçün bizim mövcud infrastrukturumuz kifayət etməyə bilər. Bu gün artıq bizim Rusiya ilə sərhədimizdə tıxaclar var. Çünki Azərbaycandan, həm də İrandan artan ixrac malların artıq yük maşınları ilə gətirilməsini mümkünsüz edir. Buna görə də bizə Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sistemi lazımdır. Mən sizdən bu layihəni də nəzərdən keçirməyi istərdim. Gələcək kommunikasiya prosesində ola bilsin sizə hansı işlərin görüldüyü və bizim planlarımız ilə bağlı daha ətraflı məlumat veriləcəkdir.”
Geniş miqyaslı bütün bu dəstək amilləri tərəflər arasında əməkdaşlığın yüksək səviyyəsindən xəbər verməklə yanaşı, eyni zamanda belə böyük beynəlxalq bankın Azərbaycanı etibarlı tərəfdaş kimi görməsindən irəli gəlir: "Tərəflər suvarma və təhsillə əlaqədar icra olunacaq yeni layihələr üzərində əməkdaşlığı uğurla davam etdirir. Azərbaycanın inkişafı üçün prioritet təşkil edən özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə bağlı da Bankın gələcəkdə də ölkəmizə dəstək verməsi əməkdaşlığı yeni və müsbət bir istiqamətə yönəldəcək".
Azərbaycan inkişafdan qalmır, əksinə, inkişaf edir və önəmli dövlətdir. Bütün bunlar qarşılıqlı maraq çərçivəsində həyata keçirilir. Həm də Azərbaycanda sabitlik mövcuddur, hər hansı təsərrüfat sisteminin pozulması ehtimalı yoxdur. Onlar çox dəqiqliklə Azərbaycanın maliyyə-bank sistemini öyrənirlər. Görüşlər zamanı aydın olur ki, nəinki beynəlxalq təşkilatlar, həmçinin digər ölkələr də Azərbaycanın atdığı addımları yüksək qiymətləndirirlər.
Neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycan çevik qərar qəbul edərək büdcəni yeni reallıqlara uyğunlaşdırmağa nail oldu. Bankın prezidenti Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə fonduna 10 milyon ABŞ dolları, eyni zamanda bu istiqamətdə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərinə 5 milyon ABŞ dolları ianə etməsinə, ayrılıqda bir sıra ölkələrə yardım etməsinə görə təşəkkür etdi və bu addımları çox yüksək dəyərləndirdi. Asakava pandemiyanın gətirdiyi çətinliklərə baxmayaraq ölkəmizin qısa zaman kəsiyində sosial tədbirləri, biznesi dəstəkləməsini vurğulaması düşünürəm ki, cənab Prezidentin bu çətin və sınaq günlərində apardığı yorulmaz fəaliyyətinə beynəlxalq arenada verilən ən yüksək dəyərlərdən sadəcə biridir. Bundan sonra da tərəflər əvvəlki uğurlu təcrübəyə əsaslanaraq yeni işləri yüksək səviyyədə icra edəcəklər.
Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaşdır. Ölkəmiz həm siyasi, həm iqtisadi, həm də investisiya baxımından çox cəlbedici ölkədir. İnam var, etibar var və bu özünü doğruldub. Azərbaycan birmənalı olaraq regionun lider dövlətidir.