Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində könüllülər Möhtərəm cənab Prezidentin çağırışına qoşuldular

19 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın çağırışına cavab olaraq koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə Azərbaycanın bütün ərazisində oluğu kimi Naftalan şəhərində də könüllülər bu işə qoşulmuşlar. Pandemiya ilə mübarizədə şəhərimizdə fəaliyyət göstərən könüllülər “COVİD-19”la bağlı ayrı-ayrı qurumların işinə yaxından köməklik göstərməyə başladılar. Ölkə başçısının koronavirusla əlaqədar verdiyi tapşırıqların yerinə yetirilməsi üçün şəhər xəstəxanasında əhalinin tibbi müayinədən keçirilməsi sahəsində tibb işçilərinin yaxın köməkçilərinə çevrildilər. Əhalinin tibbi müayinəyə cəlb edilməsi işində ayrı-ayrı yerlərdə maarifləndirmə işləri apardılar. Bunun nəticəsidir ki, şəhər əhalisinin xeyli hissəsi koronavirusla əlaqədar tibbi müayinədən keçirilmiş və bu işin ardıcıl davam etdirilməsi təmin olunmuşdur. Şəhərimizin könüllüləri karantin dövründə “Heydər Əliyev Fondu”nun, SOCAR-ın, Şəhər İcra Hakimiyyəti aparatının, millət vəkilinin, “Regional İnkişaf” İctimai Birliyinin və şəhərdə fəaliyyət göstərən sahibkarlar tərəfindən ayrılmış müxtəlif ərzaq bağlamalarının və tibbi vasitələrin şəhid ailələrinə, tənha yaşayan ahıl insanlara, aztəminatlı ailələrə, əlillərə, qayğıya ehtiyacı olan və ailə başçısını itirməyə görə sosial müavinət alan ailələrə çatdırılmasında fəal iştirak etmişlər. Bundan başqa gənc könüllülərimizin iştirakı ilə “Evdə qal” çağırış vərəqələri çoxmərtəbəli yaşayış binalarının girişlərinə və fərdi yaşayış evlərinin qapılarına, ticarət şəbəkələrinin, apteklərin girişinə və dayanacaqlara vurulmuşdur. Bunun nəticəsidir ki, karantin dövründə qaydaları pozan və cərimə olunan ahıl vətəndaşlar və aztəminatlı ailələr qeydə alınmamışdır.
Karantin dövründə 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan olunduğu müddətdə onların sifarişi ilə ərzaq məhsullarının və dərman vasitələrinin alınıb onlara evlərində çatdırılmasını könüllülərimiz təşkil etmişlər. Habelə könüllülərimiz tərəfindən 65 yaşdan yuxarı tənha yaşayan sakinlərə aidiyyəti qurumlarla birlikdə sosial məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, kommunal ödənişlərin ödənilməsində və sair işlərdə lazımı köməklik göstərilmişdir. Bu işlərdə könüllülər icra nümayəndələrinin və bələdiyyələrin tərtib etdikləri siyahıya istinad edərək öz işlərini karantin dövründə yüksək səviyyədə yerinə yetirməyə nail oldular. Karantin dövründə həmçinin könüllülərin iştirakı ilə şəhər üzrə 1000 nəfərə yaxın ailəyə ərzaq bağlamaları çatdırılmışdır.
Cənab Prezidentimiz tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan edilməsi respublikamızda fəaliyyət göstərən könüllülərlə bağlı bir sıra ictimai təşkilatlarda birləşən gənclərimiz ölkəmizdə sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına, bu istiqamətdə könüllülər həakatının fəaliyyətinin artırılmasına çox böyük təkan verdi. Eyni zamanda COVİD-19 pandemiyasına qarşı mübarizədə cənab Prezidentin çağırışına cavab olaraq könüllülərimiz həyatımızın bütün sahələrini iflic edən bu gözəgörünməz bəlanın qarşısının alınmasında da öz sözlərini deməklə onlar nəyə qadir olduqlarını sübut etdilər.
Hazırda şəhərimizin könüllüləri əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərini davam etdirir, küçələrdə, ticarət və ictimai iaşə obyektlərində maskasız gəzən insanlara maskadan istifadə etmələrini və şəxsi gigiyena qaydalarına əməl etməyi tövsiyə edirlər. Gənclərimiz bütün sahələrdə, o cümlədən dünyada böyük bəla koronavirus pandemiyası ilə əlaqədar öz vətənpərvərlik borclarını layiqincə yerinə yetirirlər. Pandemiya ilə mübarizədə könüllülərin önə keçməsi indiyədək bu hərakata, bu fəaliyyətə o qədər də ciddi yanaşmayan gənclər üçün də stimul yaratdı və könüllülüyün nə qədər əhəmiyyətli olduğunu bir daha sübut etdi. Artıq şəhərimizin könüllüləri təkcə pandemiya dövründə deyil daim öz fəaliyyətlərini davam etdirməyi qarşılarına əsas məqsəd qoymuşlar.

Keçidlər