Şriftin ölçüsü :

Saytın rəngi :

Qanuna qarşı çıxanlar haqlı cəzalarını almalıdırlar

19 may 2020 | 16:00

Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli Şəhər və Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu hallar dövlətçiliyə və xalqa xəyanətdir. Əgər ortada xəyanət varsa, deməli, o heç bir halda cəzasız qala bilməz. Dövlətin xəyanətə və ya xəyanətlərə qarşı sərt cəza maşınını işə salması xalq tərəfindən müsbət qarşılanır. İnsanların sosial şəbəkələrdə bununla bağlı yazdıqları fikirlərə nəzər yetirdikdə, bir daha aydın olur ki, ictimaiyyət nümayəndələri ayrı-ayrı məmurların korrupsiya əməllərinə görə cəzalanmasını və həbs olunmasını alqışlayır.
    “Xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur”- deyən dövlət başçısı “mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir” deyərək dövlətə xəyanət edənlərə qarşı mübarizənin bundan sonra da davam etdirilməsinin vacibliyinə işarə vermişdir.
    Dövlət başçısı Azərbaycan Respublikasının Baş Prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir.
    8 may tarixində DTX tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.
   Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Ermənistanın davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanılmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.
     Təəsüf hissi ilə qeyd etmək lazımdır ki, dövlət tərəfindən əhalinin rifahına xidmət edən, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atdığı bir vaxtda vətəndaşların haqqını qəsb edən məmurlar da tapılır. Belələri öz əməlləri ilə dövlətimizə, dövlətin dayaqlarına zərbə vuran cinayətkarlar və bu xalqa, millətə, dövlətə xəyanət edən insanlardır. Onların da cəzası şübhəsiz ağır olacaq. Çünki buna Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və geridönməz siyasəti əsas verir. Bu prosesdə dərs çıxarası və nümunə götürəsi çox önəmli məqamlar vardır. Möhtərəm Prezidentimiz çıxışlarının birində vurğulamışdır ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri olacaqdır. Biz bu böyük bəlanı ölkəmizdən yığışdırmalıyıq, təmizləməliyik. Elə etməliyik ki, Azərbaycan hər sahədə - həm siyasi, həm iqtisadi, həm də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaqdır.
       Bu sözlər bu gün artıq öz real təsdiqini tapır. Davamlı olaraq aparılan bu mübarizədə sərgilənən iki cəhət dövlətinin sabahını düşünən bir vətəndaşın diqqətini daha çox cəlb edir. Bunlardan biri qətiyyət, digəri isə mərhəmətdir. Cənab Prezident tez-tez istər insanlarla görüşlərində, hansısa müəssisələrin açılışında, yaxud qəbullarda məmurlara dəfələrlə bildirir ki, bu əməllərindən əl çəksinlər. Çünki onların bütün əməllərinin hər birindən Prezident xəbərdardır. Lakin buna məhəl qoymadan yenə də ehtiyac içində olan insanların ruzisinə göz dikən acgöz məmurlarla mübarizədə Prezidentin göstərdiyi qətiyyət daha çox önəm kəsb edir.
      Cənab Prezidentin həyata keçirdiyi anti-korrupsiya siyasəti hazırda ölkəmizdə belə bir qənaəti tam olaraq formalaşdırıb: indi Azərbaycanda məmur olmaq imtiyaz deyil, məsuliyyətdir. Xalq, dövlət, ədalət mühakiməsi qarşısında məsuliyyət. Lakin Prezidentin dəfələrlə bildirməsinə baxmayaraq, bunu hələ də dərk etməyən məmurlar qalmaqdadır. Onların hər birinin qanunazidd əməllərinin qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən mühüm addımlar atılır. Bu artıq dövlətin korrupsioner məmurlara qarşı apardığı siyasətdə qətiyyətin göstəricisidir. Çünki dövlətin, xalqın malını mənimsəyən şəxs məhz dövlətin sütunlarına, hakimiyyətin mənbəyinə zərbə vurur. Onun cəzası da törətdiyi əmələ müvafiq olur.

Keçidlər