Naftalan şəhərində 2013-cü ilin yekunları müzakirə olundu.
06 fevral 2014-cü il tarixdə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2013-cü ildə görülmüş işlər və 2014-cü ildə qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi qoymuşlar.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə məruzə ilə çıxış edən Naftalan şəhər İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat vermiş, 2013-cü il ərzində şəhərdə görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır.
Qeyd edilmişdir ki, şəhərdə ümumi məhsul buraxılışı 2012-ci ilə nisbətən 1.8 dəfə artaraq 16877.7 min manat, sənaye istehsalı 23 faiz artaraq 1505.3 min manat olmuşdur. Tikinti-quraşdırma işlərinin həcmi 4 dəfə artaraq 8426.1 min manat təşkil etmişdir. İl ərzində əhaliyə 255.6 min manatlıq nəqliyyat, 151.8 min manatlıq rabitə xidmətləri göstərilmişdir. Əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi 16.3 faiz artaraq 11369.6 min manata çatmışdır. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 15115.2 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 14 faiz artaraq 254 manat olmuşdur. 117 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 65 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyinatı aparılmış, pensiya, müavinət və sosial yardımlar vaxtlı-vaxtında ödənilmiş, əhaliyə pensiya və müavinət ödənişi üzrə borc qalmamışdır.
Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Respublikanın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də böyük işlər həyata keçirilmişdir. Proqrama uyğun olaraq istilik, qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər tam başa çatdırılmış, müasir istilik sistemləri, qazanxanalar quraşdırılmış, elektirk şəbəkəsinin yaxşılaşdırılması məqsədilə yerüstü elektrik xətləri yeraltı elektrik xətləri ilə əvəz edilmiş, bütün abonentlərə smart-kart tipli sayğac quraşdırılmış, hazırda bu sahədə işlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, əhali qış mövsümündə fasiləsiz olaraq istiliklə təmin edilir.
Eləcə də əhalini yüksək keyfiyyətli su ilə təmin etmək məqsədilə Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə yeni magistral su xətti çəkilmiş, yeni su anbarları inşa edilmiş və bütün abonentlərə yeni su sayğacları quraşdırılmışdır. Şəhərin kanalizasiya şəbəkəsi yenidən qurulmuşdur. Hazırda yağış sularının axıdılması üçün yeni xətlərin çəkilişi işləri davam etdirilir.
Şəhərin sosial-iqtisadi inkişafı üçün bir çox işlər görülmüş və bu gün də davam etdirilir. Çoxmənzilli yaşayış binalarının fasadları milli memarlıq üslubuna uyğun olaraq aqlay daşla üzlənilir, işıqlandırılır, mənzillərə yeni plastik pəncərələr quraşdırılır, binaların dam örtükləri müasir üslubda yenidən qurulur, dəhlizləri təmir olunur. Şəhərin parkları əsaslı təmir olunur, kurort iqliminin yaxşılaşdırılması məqsədilə yeni yaşıllıqlar salınır.
Daha sonra hesabat iştirakçılarına məlumat verilmişdir ki, ötən ilin mart ayının 20-də Naftalan şəhərinin müasir tarixində daha bir yeni səhifə açıldı. Qeyd olunan tarixdə Naftalan şəhəri Fransanın Leql şəhəri ilə yanaşı İtaliyanın Pozitano şəhəri ilə də əməkdaşlıq imkanlarını müzakirə etmiş və əməkdaşlıq protokolu imzalamışdır. Bu da onu göstərir ki, Naftalan şəhəri dünya kurortlar birliyinə sürətlə inteqrasiya edir.
Yığıncaqda 10 sentyabr 2013-cü il tarixi xüsusi vurğulanmışdır. Həmin gün ölkə Prezidenti cənab İlham Əliyev 3-cü dəfə Naftalan şəhərinə səfər etmiş və səfər çərçivəsində cənab Prezidentin iştirakı ilə şəhərə içməli suyun verilməsi xəttinin və Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur. Daha sonra Cənab Prezident “Qarabağ” sanatoriyasında aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Eyni zamanda möhtərəm Prezidentimiz tərəfindən şəhərdə müasir tələblərə cavab verəcək yeni xəstəxananın tikintisi ilə bağlı imzalanmış Sərəncam şəhər sakinlərinə və xəstəxananın kollektivinə böyük sevinc və fərəh hissi bəxş etmişdir.
Həmçinin qeyd olundu ki, ötən il ölkəmizin həyatında baş verən mühüm hadisələrdən biri də Azərbaycanda keçirilən 9 oktyabr Prezident seçkiləri olmuşdur ki, naftalanlılar da ölkədə gedən inkişafın davamını arzuladıqlarını seçki məntəqələrinə gələrək öz seçimlərində ifadə etmişlər.
Natiq Aslanov çıxışının sonunda demişdir ki, 2013-cü il Naftalan şəhəri üçün uğurlu olmuş və görülən işlər bir daha onu göstərir ki, kurort şəhəri getdikcə daha da gözəlləşəcək, yeni-yeni uğurlara imza atacaq və yaxın gələcəkdə dünya kurort şəhərləri sırasında ən yüksək yerdə duracaqdır.
Hesabat yığıncağında qarşıda duran vəzifələr də təhlil olunmuş və bildirilmişdir ki, son vaxtlar gənclərin aktivliyini nəzərə alaraq şəhərdə Gənclər Evininin tikinsi ilə bağlı tədbirlər görülür. Eyni zamanda müxtəlif idman tədbirlərində zədə almış ölkə idmançılarının "Naftalan" nefti ilə müalicəsi və sağlamlıqlarının bərpası üçün müasir reabilitasiya və müalicə mərkəzinin, yeni 500 yerlik Məktəbdənkənar təhsil müəssisəsinin də tikintisi nəzərdə tutulur.
Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmışlar.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatı Mahir Aslanov iştirak etmişlər.
Sonda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.