Naftalanda xüsusi karantin müddətində həftəlik onlayn-kouç sessiyaları keçiriləcək
Naftalan şəhərində əhalinin maarifləndirilməsi və əhali arasında koronavirusa yoluxma hallarının minimuma endirilməsi məqsədilə müxtəlif maarifləndirici sosial videoçarxlar hazırlanır və müvafiq tədbirlər görülür.
Əsas məqsəd əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına qeyd-şərtsiz əməl etməyə yönləndirməkdir.
Naftalan Şəhər İcra Hakimiyyətinin və Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə həyata keçirilən daha bir sosial layihəyə “Master Coach Azerbaijan” beynəlxalq kouçinq və mentorinq məktəbi də qatılıb.
“Master Coach Azerbaijan” məktəbinin təsisçisi və biznes-layf kouçu Səbinə Rəhimova bildirib ki, layihənin əsas məqsədi vətəndaşların evdə qaldıqları müddət ərzində sağlam həyat tərzindən və yüksək mənəvi durumdan uzaq düşməmələridir. S.Rəhimova “evdə qal” çağırışına əməl etməklə karantin şəraitində evdə qalan əhalini fürsətdən istifadə etməyə, sağlam həyat və düşüncə tərzinə daha həssaslıqla yanaşmağa çağırıb.
Qeyd edək ki, bu məqsədlə hazırlanan və təqdim olunacaq çarxlarda “üç təsir zonası”, “emosional intellekt”, “karantində vaxtın səmərəli idarə olunması” kimi mövzular açıqlanacaq. Bu mövzularda əsas məqsəd əhaliyə faydalı və tətbiq edilə biləcəyi məlumatları paylaşmaqdır.
Diskussiyaların həftənin I, III və V günləri saat 11.00-da keçirilməsi nəzərdə tutulub. (Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi internet saytında, facebook, instagram səhifələrində, youtube kanalında və Azxəbər İnformasiya Agentliyinin resuslarında izləyə bilərsiz.)
#Evdəqal