Milli Məclisin deputatı Anar Məmmədov: "Koronavirus pandemiyasının iqtisadiyyatımıza təsirlərinin minimallaşdırılması Azərbaycan hökuməti üçün hədəf olaraq müəyyənləşib"
İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Ölkə baçşısının rəhbərliyi ilə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Cənab Prezident hər zaman öz çıxışlarında vurğulayıb ki, layiqli sosial - iqtisadi siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.
Son günlərdə isə koronavirus pandemiyasının iqtisadiyyatımıza təsirlərinin minimallaşdırılması Azərbaycan hökuməti üçün hədəf olaraq müəyyənləşib. Azərbaycan dövləti bu gün koronavirusla bağlı yarana biləcək mümkün risklərin aradan qaldırılması, eyni zamanda ölkə əhalisinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir. Çünki Azərbaycan vətəndaşının rifahı, onun sağlamlığının və təhlükəsizliyinin qorunması hər zaman Azərbaycan dövlətinin başlıca prinsipi olub.
İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi qrupun sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirməsi onu deməyə imkan verir ki, belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Aydın məsələdir ki, koronavirusun təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən məhdudlaşdırıcı tədbirlər fərqli sektorlarda, xüsusən turizm, xidmət, ictimai iaşə, nəqliyyat və loqistika sektorlarında çalışan sahibkarların fəaliyyətinə mənfi təsir göstərir. Bu baxımdan yeni fondun formalaşmasında məqsəd sahibkarlara və vətəndaşlara dəyən ziyanın minimumlaşdırılması, onlara dövlət dəstəyinin daha da gücləndirilməsidir. Sahibkarlara dəyən ziyanın qiymətləndirilməsi ilə bağlı yaradılan işçi qrup fərqli sahələrdə çalışan sahibkarların fəaliyyətinə mənfi təsirlərin minimumlaşdırılması ilə bağlı fəaliyyət göstərir. Bu gün koronavirus pandemiyasının geniş coğrafiyada yayılması və bütün dünyada qlobal böhranın getdikcə geniş vüsət alması nəticəsində ölkə iqtisadiyyatında yarana biləcək qlobal risklərin maksimum şəkildə azaldılması istiqamətində hökümətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək. Xüsusən də 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramın reallışdırılması ilk növbədə Azərbaycan hökumətinin öz vətəndaşına verdiyi dəyər və qiymətin bariz nümunəsidir. Beləliklə bu fəaliyyət proqramının uğurla icrası üçün dövlətimiz bütün mümkün vasitələrdən istifadə edir və atılan addımların yaxın gələcəkdə daha çox səmərə verəcəyini artıq indidən proqnozlaşdırmaq olar.