31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayı, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.
Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Bakıda təkcə bir həftə ərzində 12 mindən çox insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdi. Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdi. Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə tökürdülər. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermədi. Lakin İranın Bakıdakı konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin yazdığına görə, təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən çox müsəlmanın meyiti toplanmış və dəfn olunmuşdu. Menşeviklərin “Naş qolos” qəzeti həmin günləri belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər…”.
Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Möhtərəm Prezident cənab İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 102 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir.