Naftalanda əhalinin sıx olduğu yerlərə baxış keçirilib
Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə məqsədyönlü, təxirəsalınmaz tədbirlər həyata keçirilir.
O cümlədən, bu infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Naftalan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Polis şöbəsinin rəisi Zaur Bədəlov şəhər ərazisinə baxış keçirmiş, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bir daha şəhər sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırıblar.
Əraziyə baxış zamanı yaşı 65-dən yuxarı olan sakinlərlə profilaktik söhbətlər edilib. Həmin şəxslərə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı barədə məlumat verilərək xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü evdən çıxmamaları barədə xəbərdarlıq edilib.
Bununla yanaşı polis əməkdaşları tərəfindən səs gücləndiricilərlə vətəndaşlara xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.