Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olundu.
12 dekabr 2013-cü il tarixdə öz şərəfli və möhtəşəm fəaliyyəti ilə doğma vətəninin və xalqının adını əlçatmaz zirvələrə ucaltmış ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş ümumşəhər tədbiri keçirilib.
Şəhər sakinləri və ictimaiyyət nümayəndələri ilk olaraq ulu öndərin adını daşıyan parkda dahi öndərin xatirəsinə ucaldılmış abidəsini ziyarət edərək önünə əklillər, tər gül-çiçək dəstələri qoyublar. Dahi öndərin Azərbaycan xalqının səadəti yolunda etdiyi fədəkarlıqlardan bir daha xatırlanıb.
Abidəni ziyarət etdikdən sonra mərasim iştirakçıları Heydər Əliyev mərkəzinə baş çəkiblər. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının sədri Hatəm Qocayev Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb. Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov vurğulayıb ki, tarixdə hər kəs öz əməli ilə tanınır və yadda qalır. Bu mənada Heydər Əlirza oğlu Əliyev ən uca zirvələri fəth etməyi, sərt taleyüklü sınaq məqamlarında mayaq rolunu oynamağı bacaran tarixi bir şəxsiyyətdir.