1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Naftalan ŞİH-nin təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda bayram tədbiri keçirilib.
Tədbirdə ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, şəhid və qazi övladları, onların ailə üzvləri, şəhərdə fəaliyyət göstərən idman, təhsil və mədəniyyət idarələrinin rəhbərləri iştirak ediblər.
İştirakçılar ilk olaraq uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir Ulu Öndər Heydər Əliyevin uşaqlar haqqında səsləndirdiyi qiymətli fikirləri özündə ehtiva edən video-çarxın nümayişi ilə başlayıb.
Uşaq Səfirlər Məclisinin Naftalan üzrə nümayəndəsi Səma Həsənova çıxış edərək hər zaman sonsuz sevgi və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin uşaqlara daim böyük qayğı və diqqət göstərdiyini, onların ən böyük himayədarı olduğunu vurğulayıb. Qeyd edib ki, bu gündə bu diqqət və qayğını hiss edirik. Məhz buna görə də ölkə Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya uşaqlar adından dərin minnətdarlığını bildirib.
Digər çıxış edənlər qeyd ediblər ki, uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu Öndərin daim diqqətində olub. Vurğulanıb ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan sürətli bərpa-quruculuq işləri azad edilmiş ərazilərimizdə xoşbəxt uşaq gülüşlərinin eşidilməsinə zəmin yaradıb.
Tədbir məktəblilərin, Körpələr evi-Uşaq bağçasının, uşaq musiqi məktəbinin kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam etdirilib. Gənc idmançılar da nümunəvi çıxışları ilə tədbirə qatılıblar.