Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiya Federasiyasının “REN TV” televiziya kanalının nümayəndələri Naftalan şəhərində olublar.

25 noyabr 2019 | 16:00

Rusiya Federasiyasının “REN TV” televiziya kanalının nümayəndələri Azərbaycan turizminin təbliği məqsədilə Naftalan şəhərində çəkiliş aparıblar.
    İlk olaraq  qonaqlara Naftalan şəhərinin turizm potensialı haqqında geniş məlumat verilib. Naftalanın turizm potensialı və şəhərdə fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzlərində çəkiliş  aparan televiziya əməkdaşları  otellərin fəaliyyəti və burada naftalan nefti ilə aparılan müalicə prosedurları ilə yaxından tanış olublar.
   Həmçinin bildirilib ki, dünyada kurort şəhəri kimi tanınan Naftalanın inkişafı ölkə rəhbəri cənab İlham Əliyevin daim diqqət mərkəzindəndir. Təkcə Azərbaycanda mövcud olan Naftalan nefti bir çox xəstəliklərin dərmanıdır. Respublikamızda qeyri neft sektorunun əsas sahələrindən olan turizmin, xüsusən də müalicə turizminin inkişafı istiqamətində son illərdə böyük nailiyyətlər əldə edən və ölkəmizin beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən Naftalana həm müalicə, həm də istirahət üçün gələn turistlərin sayı ilbəil getdikcə artır. 2019-cu ilin 10 ayı ərzində Naftalana gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə 2-3 dəfə artaraq 35 min nəfərə çatmışdır ki, onlardan 10 min 453 nəfəri xarici ölkələrdən gələnlərdir.
    Daha sonra qonaqlar Naftalanda yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində fəaliyyət göstərən “Əsa muzeyi”nə baş çəkiblər.
   Məlumat verilib ki, burada aparılan intensiv müalicələrlə sağlamlıqlarına qovuşan insanlar Naftalandan gedəndə vaxtilə yeriyə bilmədikləri üçün özləri ilə gətirdikləri əsaları, çəlikləri yadigar olaraq burada qoyublar. Vətənlərinə döndükdən sonra isə bu şəhərə olan sevgilərini, ən gözəl hisslərini Naftalana ünvanladıqları təşəkkür məktublarında qeyd ediblər. Beləcə, illərlə yığılan çoxsaylı qoltuq ağacları, fotoşəkillər və təşəkkür ifadələri ilə dolu məktublar bu  unikal muzeyin yaranmasına səbəb olub.
    Naftalanın inkişafı xarici qonaqlarda xoş təəssürat yaradıb.

Keçidlər