Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 2019-cu ilin birinci rübünün yekunları müzakirə olundu.

11 may 2019 | 16:00

    11 may 2019-cu il tarixdə keçirilən hesabat yığıncağında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi  sektorunun müdiri Vəfadar Bağırov, idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ŞİHB-nin kənd və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, ziyalılar, iş adamları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
      Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib.
         2019-cu ilin birinci rübündə ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz artaraq 5 mln 239  min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 5,8 faiz artaraq 684 min manat təşkil etmişdir. Əhaliyə göstərilən  nəqliyyat və anbar təsərrüfatı xidməti 1,3 faiz artaraq 102 min manat, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  ödənişli xidmətlərin həcmi 5 mln 533 min manat, pərakəndə əmtəə dövriyyəsinin həcmi 2,1 faiz artaraq 5 mln 171  min manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti  ötən ilin  birinci rübünə nisbətdə 6,6 faiz artaraq  57 min  manat  təşkil  etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı  11,8 faiz artaraq  251 min manat, tikinti işləri isə   34,5 faiz artaraq  2  mln 467 min manat təşkil etmişdir. İqtisadi artım əhalinin əmək haqqı gəlirlərində özünü aydın şəkildə göstərmişdir. Belə ki, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı ötən ilin birinci rübü ilə müqayisədə 13,3 faiz artaraq 353 manat təşkil etmişdir.
    Şəhərin yerli büdcəsi birinci rüb üzrə 575 min manat planlaşdırıldığı halda yerli mənbələrdən daxil olan gəlirlər hesabına 731 min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan 27 faiz və ya 155 min manat artıq vəsait daxil olmuşdur. Xərcləri isə  417 min manat təşkil etmişdir.
   3 ildən artıqdır  ki, Naftalan şəhəri xərclərini yerli gəlirləri hesabına təmin edir. Buna Naftalan öz turizm potensialı, dünyada tanınan müasir səviyyəli turizm obyektlərindən əldə edilən gəlirlər hesabına nail olmuşdur.
   Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması sahəsində müvafiq tədbirlər həyata keçirmiş,mərkəzə müraciət edənlərin sayı xeyli azalmış, bu müddətdə 351 nəfər işaxtaran kimi qeydiyyata alınmış, onlardan 252 nəfər işlə təmin olunmuşdur.
   Həmçinin dövlət başçısının yeni iş yerlərinin açılması ilə bağlı sosial təşəbbüsü əsasında Naftalanda 227 nəfər işlə təmin olunmuşdur. Onlardan 24-ü SOCAR-da, 28 Naftalan Elektrik Şəbəkəsində, 175 nəfəri  isə abadlıq və təmizlik işləri üzrə qeyri-daimi işlərə cəlb edilmişdir. 
    Dövlət tərəfindən gələcəyimiz olan uşaqlara xüsusi diqqətlə yanaşılır, onların sağlam, savadlı  olmaları üçün mühüm işlər görülür. Son illərdə paytaxtla yanaşı, bölgələrimizdə bir çox uşaq tərbiyə və təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılmış, yeni uşaq bağçaları tikilmişdir. O cümlədən şəhərimizdə fəaliyyət göstərən körpələr evi-uşaq bağçasında da uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır.
    Ötən ilə təsadüf edən və şəhər əhalisinin böyük sevincinə səbəb olan ən mühüm hadisə ötən ilin iyun ayının 5-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naftalan şəhərinə 5-ci dəfə növbəti səfəri və  səfərdən sonra verdiyi  tapşırıq olmuşdur. 
    Belə ki, ölkə başçısı Naftalana səfərindən sonra şəhər üzrə məktəbəqədər yaşlı uşaqların sayının çox, yalnız 280 uşağın məktəbəqədər təhsilə cəlb olunma imkanı olduğunu nəzərə alaraq yeni 200 yerlik məktəbəqədər təhsil müəssisəsinin tikintisi məqsədilə müvafiq sərəncam imzalamışdır.
   Həmin Sərəncama əsasən hesabat dövründə yeni körpələr evi-uşaq bağçasının tikintisi işləri davam etdirilmişdir.
   Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması da mühüm əhəmiyyət kəsb edir.
    Şəhərimizdə əhalinin və buraya gələn turistlərin sayının artması, bu sahə üzrə xidmət səviyyəsinin  yüksəlməsini son dərəcə zəruri etmişdir. Son illər respublikamızda olduğu kimi, şəhərimizdə da səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və göstərilən səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılmışdır.
    Ölkə başçısının müvafiq  Sərəncamına uyğun olaraq  Naftalanda 60 çarpayılıq yeni  Mərkəzi xəstəxananın tikilib istifadəyə verilməsi əhaliyə göstərilən səhiyyə xidmətinin yüksəlməsinə səbəb olmuşdur.
    Prezident cənab İlham Əliyevin sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlar üçün imkanlar yaradılması və bu sahədə qanunsuz müdaxilələrin qarşısının alınması, investorların cəlb edilməsi və yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqları istiqamətində işlər davam etdirilmiş, bununla bağlı təkliflər hazırlanmış və müvafiq  tədbirlər həyata keçirilmişdir.
   Hazırda şəhərdə Yeni Avtovağzal otel kompleksində davam etdirilən tikinti işlərində 30 nəfər çalışır. İnşaat işləri yekunlaşdıqdan sonra burada 40-50 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.
    Yenidən qurulan 10 mərtəbəli Naftalan mehmanxanasında 35 nəfər müvəqqəti işlə təmin edilib. Hazırda binada son tamamlama işləri aparılır. Mehmanxana   172 yerlik olmaqla Naftalan  Hotel & SPA adı altında  fəaliyyət göstərəcəkdir.
     Naftalan şəhəri, Nizami küçəsində inşa edilən 4 mərtəbəli, 288 yerlik “Cold Naftalan” sağlamlıq və istirahət mərkəzində tikinti işləri davam etdirilir. Tikinti işlərində 20 nəfər çalışır.
Naftalan Bələdiyyəsinin yeni inzibati binasında da son tamamlama işləri aparılır.
     Naftalan şəhər Əlillərin Regional Bərpa Mərkəzində  əsaslı təmiri və yenidənqurma işləri davam etdirilmişdir.
Şəhər sakinlərinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində işlər hesabat dövründə də uğurla davam etdirilmişdir. Dövlət Proqramlarının uğurlu icrası nəticəsində şəhərdə istilik, qaz, su-kanalizasiya təchizatının yaxşılaşdırılması sahəsində işlər tam başa çatdırılmışdır.
     Çoxmənzilli yaşayış binalarının girişlərində aparılan təmir işləri hesabat ilində davam etdirilmişdir. Bugünədək 21 çoxmənzilli yaşayış binasının girişləri əsaslı təmir olunmuş, suvaq və rəngləmə işləri aparılmışdır. Pilləkən və məhəccərlər  təmir edilmişdir. Qeyd olunan işlərin cari ildə  mərhələli şəkildə digər binalarda  da aparılması nəzərdə tutulmuşdur.
Bundan başqa yaxın günlərdə “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən şəhərdəki 3 doqquzmərtəbəli yaşayış binasının lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və liftlərdə cari təmir işləri həyata keçiriləcəkdir.
     Şəhər ərazisində 1000-ə yaxın müxtəlif növ ağac əkilmiş, mövcud parklardakı əkilən  gül kolları yenilənmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir. Turistlərin daha çox istifadə etdiyi  Şirvan prospektindən şəhərin mərkəzinə gələn yeni yol bərpa olunmuş, yeni asfalt örtüyü vurulmuş və müasir işıq dirəkləri quraşdırlaraq həmin yol işıqlandırılmışdır.
     Hesabat dövrü ərzində şəhər əhalisinin və turistlərin daha rahat, gözəl  istirahəti üçün mərhələli şəkildə şəhərin Heydər Əliyev, Səməd Vurğun və Nəriman Nərimanov parklarında təmir işləri davam etdirilmişdir. Əhalinin və turistlərin müraciərlərini nəzərə alaraq hər üç parkda sanitar qovşaq tikintisinə başlanılmış, hazırda tikinti işləri yekunlaşmaq üzrədir.
     Şəhərin mərkəzi və daxili küçə və yollarında, çoxmənzilli binaların həyətində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə nöqsanlara yol verilməmişdir. Yararsız konteyner və yeşiklər yeniləri ilə əvəz olunmuşdur.
     Şəhər iqtisadiyyatının əsasını təşkil edən turizim sahəsinin birinci rüb üzrə göstəricilərinə əsasən deyə bilərik ki, sözügedən sahənin dinamik inkişafı davam etdirilmişdir. Bu onu göstərir ki, Naftalanda dincələn və müalicə olunan turistlərin sayı ildən-ilə artır.
     Belə ki, 2019-cu ilin 3 ayı ərzində şəhərin turizm obyektlərində 5545 nəfər turist qeydə alınmışdır ki, bu da ötən ilin hesabat dövrü ilə müqayisədə  5 faiz çoxdur. Onlardan  2245 nəfəri dünyanın digər ölkələrindən gələn  turistlər olmuşdur.
             Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov çıxışına yekun vuraraq qeyd etmişdir ki,bu gün Naftalan həm müalicəvi neftinə, həm də müasir turizm infrastrukturuna görə turistlərin diqqətini daha çox cəlb  edən kurort şəhərlərindən birinə çevrilmişdir.
          Şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2019-cu ilin birinci rübündə  görülmüş işlər və qarşıda duran vəzifələrə  dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında şəhər Maliyyə şöbəsinin rəisi Saleh Tağıyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsinin müdiri Eyvaz Nəcəfov, Gəncə Regioanal Mədəniyyət idarəsinin Naftalan şəhər nümayəndəsi  Zöhrab Adıgözəlov, Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi  Orxan Bağızadə çıxış etdilər.
           Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin  3-cü ərazi  sektorunun müdiri Vəfadar Bağırov hesabat yığıncağında çıxış edərək 2019-cu il ilin birinci rübü ərzində Naftalanda həm turizmin, həm də ümumilkdə şəhərdə görülmüş işləri, həyata keçirilən layihələri təqdirəlayiq hesab edib
           Yığıncağın sonunda  müzakirə olunan məsələlələrə  dair qərar layihəsi oxunub.

Keçidlər