Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə edilib.

25 aprel 2019 | 16:00

Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil”  mövzusunda seminar-treninq keçirilib.  
      Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naftalan Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və şəhərin aktiv gəncləri iştirak ediblər.
      Seminar-treninqi giriş sözü ilə açan Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov çıxışında ölkəmizdəki dini dözümlülük, vicdan azadlığının təmin edilməsi istiqamətində atılan addımlardan danışıb. Görülən işlərin milli-mənəvi və islami dəyərlərin təbliği və təşviqində, dini qurumlarla dövlət təşkilatları, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna rola malik olduğunu bildirib.
     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov insanlara dini bilgilərin verilməsi, onların bu mövzu ilə bağlı məlumatlandırılmasının vacibliyinə toxunub. Bildirib ki, dinin fərdin və cəmiyyətin həyatında mühüm yer tutduğunu nəzərə alaraq dərs vəsaitlərinin içində dinlə bağlı materialların həcminin çoxaldılması, ilkin dini təsəvvürlərin yaradılması mühüm əhəmiyyət kəsb edir. Sədr müavini qeyd edib ki, təhsil müəssisələrində, xüsusilə məktəblərdə dinlə bağlı məlumatların verilməsi gənclərin yanlış təsəvvürlərə yönəlməməsi baxımından çox mühümdür. G.İsmayılov vurğulayıb ki, milli-mənəvi dəyərlərindən uzaq düşən gənclərin gələcəyi bir o qədər də ümidverici deyil. Gənclərə sağlam dini biliklərin verilməməsi müəyyən boşluqlara səbəb olur və bundan istifadə edən qüvvələrin bu boşluqları öz mənfəətlərinə uyğun şəkildə doldurmasına gətirib çıxarır.
      Komitə rəsmisi çıxışında, eyni zamanda dini sahədə mənəvi dəyərləri əsas götürən, dinə məhdud çərçivədə deyil, geniş  prizmada yanaşmağı bacaran, fəaliyyətində dünyəvilik, tolerantlıq və multikulturalizm kimi Azərbaycan gerçəkliklərini nəzərə alan yüksək dini və dünyəvi savada malik olan ixtisaslı kadrların da hazırlanmasının əhəmiyyətinə diqqət çəkib. Gündüz İsmayılov bu məqsədlə Prezident İlham Əliyev tərəfindən yaradılan Azərbaycan İlahiyyat İnstitutunun tədris  proqramında dünyəvilik prinsiplərinin qorunduğunu, tələbələrə  dünyəvi biliklərlə yanaşı, mükəmməl dini biliklərin də verildiyini deyib.
       Seminar-treninqin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.

Keçidlər