Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan bu gün özünün yeni inkişaf dövrünü yaşayır

21 sentyabr 2021 | 16:00

Ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunan Naftalan bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Ərazisi kiçik olsa da, Naftalan şəhəri müalicəvi turizm sahəsində xeyli inkişaf edib. Xüsusən Naftalan nefti ilə dünyada tanınan şəhərin inkişaf strategiyası daim diqqət mərkəzində saxlanılır.
   2014-cü ildə dünya standartlarına uyğun inşa edilmiş “Qarabağ” sanatoriyası, 2016-cı ildə “Gözəl Naftalan” və “Kəpəz” Sağlamlıq Mərkəzi turistlərin ixtiyarına verilib. Bu il isə Naftalan Mərkəzi Sanatoriyası və “Gold Naftalan” hotelinin açılışı olub. Hazırda Naftalan şəhərində 15 hotel və müalicə mərkəzləri fəaliyyət göstərir, onlardan 3-ü beşulduzlu hoteldir. Bu mərkəzlər bir gündə 3000-ə yaxın turist qəbul etmək gücünə malikdir. Həmçinin 3 müalicə mərkəzinin də tikintisi davam etdirilir.
   Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin hər yerində olduğu kimi, Naftalan şəhərində də abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Binaların qarşısında söhbətgahlar, uşaq oyun meydançaları quraşdırılıb, binaların həyətlərində çinar ağac və həmişəyaşıl ağaclar əkilib. Şəhərdə 18 yaşayış binasının bloklarında təmir işləri başa çatdırılıb. Səkilərə yeni tamet daşlar düzülüb, əhalinin rahatlığı üçün parklara və yol kənarı səkilərə panduslar quraşdırılıb. Son illərdə görülən işlər çərçivəsində şəhərdəki Səməd Vurğun parkının təmiri də başa çatdırılıb. Qələbə parkında trenajor idman avadanlığı quraşdırılıb, Heydər Əliyev parkında “Little Free Library” yerli və xarici turistlərin ixtiyarına verilib. Şəhər əhalisinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə bu kimi işlər davam etdirilir.
   Naftalan şəhəri və onun tabeliyində olan Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri bütünlüklə qazlaşdırılıb, kanalizasiya sistemi yenidən qurulub.
   Əhaliyə tibb xidmətinin səviyyəsinin yüksəldilməsi, səhiyyə infrastrukturunun yaradılması və müasir avadanlıqlarla təchizatı istiqamətində də xeyli iş görülüb. Naftalan Şəhər Mərkəzi Xəstəxanasının istifadəyə verilməsi ilə şəhər əhalisi və turistlər yüksək tibbi xidmətdən yararlana bilirlər.
   Naftalan şəhəri və kəndlərindən üç məktəb və iki körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Bu il iyulun 22-də yeni tikilmiş 200 yerlik körpələr evi-uşaq bağçası da istifadəyə verilib.
   Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə ötən il AZS 886:2020 “Naftalan nefti nativ. Ümumi tələblər” dövlət standartı Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiq edilib. Naftalan neftinə dair dövlət standartının qəbul olunması Naftalan kurortunun gələcək inkişafı baxımından və dünyada daha geniş miqyasda tanınmasında böyük əhəmiyyətə malikdir.
   Naftalan Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Naftlanın ilk poçt markası dövriyyəyə buraxılıb. Marka blokunun dizaynı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 22 iyul 2021-ci il tarixdə Naftalana səfəri zamanı dövlət başçısına nümayiş etdirilib.
Naftalanın Azərbaycanın müalicəvi turizm brendi olaraq dünyada daha da tanınmasında öz töhfəsini verəcək və dünya markalar kataloquna daxil ediləcəkdir, həmçinin dünyada filatelistlərin də çox böyük maraq və sevincinə səbəb olacaqdır.
   Şəhərdə həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi şəhidlərinin ailələrinə, veteran və qazilərinə daim diqqət və qayğı göstərilir. Ötən il 12 fərdi yaşayış evi tikilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilib. Bu istiqamətdə işlər davam etdirilir. Həmçinin Vətən müharibəsində mənfur düşmənin raket zərbələri nəticəsində zərərçəkmiş evlər də bərpa olunur və ya yenidən qurulur.

 

Keçidlər