Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan vətəndaşının sağlamlığı dövlətin diqqət mərkəzindədir

02 fevral 2021 | 16:00

Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görür. Ölkəmiz  vəziyyəti bütün dövrlərdə, yəni, bir il ərzində nəzarətdə saxlamağa bacardı. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi prosesi başlandı. Modul tipli xəstəxanaların sayı 13-ə qədər çatdırıldı.
   Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək.
     Yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb. Xəstəxananın inşası onu göstərir ki, bu sahədəki fəaliyyət ardıcıl şəkildə davam etdirilir.
   Ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir. Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu ən yüksək standartlara cavab verir.
    Azərbaycan tədricən icbari tibbi sığorta sisteminə keçir. Pilot layihələrin ilkin icrası müsbət nəticələr göstərir. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədədir. İnsanların sağlamlığını əsas tutaraq dövlət 5 milyon vətəndaşı tibbi müayinədən keçirtdi. Böyük təşkilatçılıq və maliyyə resursları tələb edən dövlətin bu addımı insana göstərilən qayğının təcəssümüdür.
   Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir. Vaksinasiya Avropada, hətta müttəfiqlər arasında münasibətlərdə ziddiyyətlərə səbəb oldu. Bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər. Odur ki, bütün məsələlərdə oldu kimi, vaksinasiyada da ədalət prinsipinə riayət olunmalıdır.
   Azərbaycan pandemiyanın ilk günlərindən işlərini düzgün qurmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Ölkəmiz COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti ilə vaksinlər ölkəmizə gətiriləcəkdir. Azərbaycan artıq 4 milyon doz vaksin sifariş edib və onların ölkəmizə gətirilməsi təmin edilib. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar.
   Səhiyyə sahəsində qazanılmış uğurların  nəticəsi göz önündədir. Son 17 il ərzində Azərbaycanın bütün bölgələrində 750-dən çox xəstəxana yenidən tikilib, yaxud əsaslı təmir edilib. Yeni tibb müəssisələrinin həm memarlıq, həm də avadanlıqlarla təchizat standartları yüksəkdir.
   Möhtərəm Prezidentimiz cənab İlham Əliyev vurğulayıb ki, 17 il əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi. Səhiyyə sahəsində dövlət siyasətinin növbəti hədəfi səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və tibbi xidmətin keyfiyyətinin artırılmasıdır. 2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. O zaman Azərbaycanın neftdən gəlirləri aşağı olsa da, Azərbaycan Prezidenti gələcəyi proqnozlaşdıra bilib, qarşıya qoyduğu vəzifə bütövlükdə icra edilib.  Azərbaycanda hər il 5 milyon insan – ölkə əhalisinin yarısı dövlət hesabına tibbi müayinədən keçir. Azərbaycan belə təşəbbüsü həm irəli sürən, həm də reallaşdıran nadir ölkələrdəndir. Müasir xəstəxana fondunun yaradılması tibbi sığortaya keçməyə imkan verib.
   Azərbaycan neomüstəmləkəçiliyə qarşı mübarizənin təşkilatçısı kimi çıxış edir. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiyaya qarşı mübarizə məqsədilə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Bəzi ölkələrin etinasızlığına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının COVİD-lə bağlı xüsusi sessiyasının keçirilməsinə nail olub.
   Ölkə Başçısının rəhbərliyi ilə görülən işlər, milli mənafeyimizin ən yüksək səviyyədə qorunmaqla dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə və firavan gələcəyə yönəlmiş fəaliyyəti xalqımız tərəfindən daim dəstəklənir.

Keçidlər