Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyevin Qələbəsini bir daha sübut edən tarixi səfər

13 yanvar 2021 | 16:00

Moskvada keçirilən üçtərəfli görüşdə imzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edib.
   Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub. 10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra ilk birbaşa danışıqları idi. Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib.
   Rusiya Prezidenti üçtərəfli razılaşmalara əməl olunmasına görə Azərbaycanın dövlət başçısına minnətdarlıq ifadə edib. Tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair  üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər.
   Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər. Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur.
   Möhtərəm Prezident cənab İlham Əliyevin  görüşdən sonra verdiyi bəyanatda səsləndirdiyi əsas müddəlarda biz bunun şahidi oluruq. İlk olaraq Kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir, beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək, Dağlıq Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır.
   Dövlət başçısı vurğulayıb ki,  regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi. Biz nəticə əldə etmək, sentyabrda - noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik.  Qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar.
   Azərbaycan  tərəfi  qapalı görüşdə istədiyinə nail olub. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı.
   Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir. Bu, faktiki olaraq “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir.  Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin          Tükiyə ilə  əlaqələri güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyəti artacaq.
   Möhtərəm Prezident cənab İlham Əliyev açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin qüvvədə olduğunu xatırlatmış oldu. Xüsusi qeyd etmək gərəkdir ki,  Ermənistan  müxalifəti və Rusiyadakı erməni lobbisi görüşün pozulmasına çalışır, Paşinyanı görüşə gəlməməyə çağırırdı.
Erməni diplomatiyası Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır, bu məqsədlə görüş barədə Fransa prezidenti Makrona xəbər sızdırılmış, görüşün Rusiyanın yarımməxfi şəkildə keçirmək cəhdləri əngəllənmişdi.
   Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı. Lakin bu cəhdlər heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi.
   Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir. Paşinyanın iddiaları fonunda  Moskva görüşünü Ermənistan üçün növbəti fiasko saymaq olar.  O, mətbuata açıqlamasında erməni diversantlarını-terrorçularını azad etmək mümkün olmadığından görüşün nəticələrindən məyus olduğunu gizlətməyib.
   Hətta danışıqların gedişində və mətbuat konfransı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin özünü qalib dövlətin rəhbəri kimi aparması, “bədən dili” ilə də qalibiyyət mesajları verirdi. Paşinyan isə həmişəki kimi öz məğlub ampluasında, gərgin psixoloji vəziyyətdə idi.  
   Paşinyan da Minsk qrupu formatının bərpasına çalışır, çox təəssüf ki, Azərbaycan müxalifəti də. Radikal müxalifət iddia edirdi ki, Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, Rusiya hərbi mövcudluğunu gücləndirəcək.    Halbuki rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılşamasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi.
   Görüşün yekunları bir qrup antimilli elementin qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərinin puçluğunu bir daha ortaya qoydu.

Keçidlər