Şriftin ölçüsü :

Saytın rəngi :

Üçrəngli Bağrağımız Ağdamda dalğalanır

25 noyabr 2020 | 16:00

    Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev işğaldan azad olmuş Ağdamda Azərbaycanın şanlı, müqəddəs üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir. Bu xalqımızın qüruru və fəxridir.
    Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamı  xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər.
    Ağdam şəhərinə səfər zamanı möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bildirib: "Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq”.
    Xocalı soyqırımında sağ qalan xocalıların ümid, pənah yerinə çevrilən qoşa minarəli məscid də yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.
    Ağdamın Cümə məscidini də ziyarət edərkən, xüsusi bir məqam diqqətdən yayınmayıb. Belə ki, cənab İlham Əliyevlə hörmətli Mehriban xanım  Əliyeva məscidə daxil olarkən hörmət əlaməti olaraq məscid divarını öpərək, ayaqqabılarını çıxardıblar. Düzdü, bu, dini qaydalara görə, atılan doğru addımdır. Cəmi 3 gün əvvəl azad olunmuş məsciddə heç bir ciddi təmizlik işi aparılmaması, döşəməsinin olmamasına baxmayaraq, ölkə rəhbərliyinin bu davranışı hər kəs üçün nümunə olmalıdır. Bu bizim Prezidentimizin və xanımının sadəliyinin təzahürüdür. Dövlət başçısı ilə xanımı xalçaları sökülmüş, içərisi toz-torpaq olan məscidə ayaqyalın daxil olmaqla İslam dininə və tarixi dini abidələrə ehtiramını, hörmətini bir daha nümayiş etdiriblər.
     Ermənistandan fərqli olaraq, Azərbaycan tolerant ölkədir və burada dini ayrıseçkilik edilmir, bütün dinlərə hörmətlə yanaşılır. Elə bunun məntiqi nəticəsidir ki, Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni Kilsəsi bərpa edilib və insanların sərbəst istifadəsinə verilib.
    Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı və işğal deyil, uzun illər ərzində ölkəmizin öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı təcavüz siyasəti yeridib. Ermənistanın monoetnikliyə söykənən dövlət siyasəti onun işğal etdiyi ərazilərdə də yalnız erməni izi yaratmağa xidmət edib.
     Maddi-mədəni irsə dəyər verilməsi, tarixi-dini abidələrimizin, o cümlədən kilsə, sinaqoqların bərpası və yenidən qurulması Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bundan başqa, dövlət səviyyəsində bəyan edilib ki, işğaldan azad edilən ərazilərdə qalan Xristian dininə aid kilsələr, abidələr qorunub saxlanılacaq.
     Dövlət başçısı vurğulayıb ki, düşmən evlərimizi, kəndlərimizi dağıdıb, torpaqlarımızdan istifadə edib: "Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də biz jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik. Qoy, gəlsinlər, görsünlər".
     Ermənilərdə satqınçılıq və xəyanət simptomları sistemli şəkildə davamlı olur. Və bu gün fərsiz siyasətçinin girovuna çevrilmiş erməni xalqı doğurdan da bədbəxtdir. Tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! 
     Sevindirici haldır ki, Müzəffər Azərbaycan Ordusu azğın düşmənin legitim hədəflərini uğurla susdurdu. Artıq həmin torpaqlarda Azərbaycanın üçrəngli Dövlət Bayrağı dalğalanır. Ağdam bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər