Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentin Xüdafərinə səfəri – Qələbənin nidası oldu

18 noyabr 2020 | 16:00

Möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva işğaldan azad olmuş torpaqlara səfər zamanı həm Cəbrayıl rayon mərkəzini, həm də Xudafərin körpüsünü ziyarət etdilər. Səfər tarixi əhəmiyyəti, riskli olmağı ilə yanaşı, dünya birliyinə, Azərbaycan cəmiyyətinə bir sıra mühüm mesajları özündə ehtiva edirdi. Azərbaycan heç zaman işğalla barışmayacaq, bütün torpaqlarını azad edəcək, öz tarixi torpaqlarına sahib çıxacaq, yenidən bu yerlərdə həyat bərpa olunacaq. Bu səfər eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daim xalqla yumruq kimi birliyinin, Azərbaycanın milli-mənəvi dəyərlərinə, mədəniyyət abidələrinə xüsusi önəm vermələrinin göstəricisidir.
    Azərbaycan 30 ilə yaxın müddətdən sonra həm Qarabağı işğaldan azad etdi, həm də Qarabağa getdi, Qarabağa qayıtdı, tarixi torpağımız Qarabağa sahibləndi. Bir daha onun olduğunu və bir daha bundan sonra kimsənin ona sahibindən başqa sahiblənə, yiyələnə bilməyəcəyini göstərdi.
    Səfər zamanı Qələbə hisslərini yaşadan Ali Baş Komandana xalq öz sevgisini nümayiş etdirdi. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan cənab Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.
    Bütün dövrlərdə və yaşanan hadisələrdə dövlət başçımızın seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.
    Möhtərəm Prezident cənab İlham Əliyev hər zaman xalqın və  Müzəffər Ordunun yanındadır. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən dövlət başçımız Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu.
    Bölgələrdə ölkə başçısının  izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyindən  xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə Tarix Yazan Sərkərdəni qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirdi.
   Azərbaycanda 50+1 formatında siyasi partiyaların birgə bəyanatı təbii ki, xalq-iqtidar birliyinin təcəssümüdür. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi.   
    Bu gün Azərbaycanda xalq iqtidar birliyi ən yüksək səviyyədədir. Bu uğura Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, cənab  Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində nail olunub.   
    Möhtərəm Prezident cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, bir yumruq kimi dövlətimizin başçısı ətrafında sıx birləşəcək. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
    Hər zaman bütün çıxışlarında “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Azərbaycanın möhtərəm  Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına böyük xalq sevgisi ilə müşaiyət olunan səfəri ilə bu fikrin doğruluğunu sübuta yetirdi və həmin nidanı qoymuş oldu.

Keçidlər