Şriftin ölçüsü :

Saytın rəngi :

Müzəffər Azərbaycan Ordusunun zəfəri

13 noyabr 2020 | 16:00

Möhtərəm Prezident cənab Ali Baş Komandan İlham Əliyevin əzmi, düzgün siyasəti, qətiyyət və strateji idarəetməsi ilə Azərbaycanın Müzəffər Ordusu dünya tarixinə zəfər və qalibiyyət salnaməsini həkk etdirdi. Artıq bütün dünya Şanlı Ordumuzun yenilməzliyinə, qazandığı nailiyyətlərinə və gücünə bələd olmaqla bərabər Azərbaycan dövlətinin müharibə şəraitində belə, beynəlxalq hüququn bütün norma və prinsiplərinə sadiq qalmaqla apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində öz tarixi, əzəli-əbədi torpaqlarını işğaldan azad edərək regionda sülhün və ədalətin bərpası üçün əməli işlər gördüyünün şahidi oldu.
   Cənab Prezident İlham Əliyev: “Azərbaycan indi o dövlət deyilki, onun maraqlarını kimsə kənara qoya bilər”–sözləri, hədəfə tuşlanmış qətiyyəti, diplomatik hazırlığı ilə dövlət başçısı beynəlxalq ictimaiyyətə həqiqətin əsl mahiyyətini açıqladı.
   Sentyabrın 27-dən başlanan 44 günlük müharibə sonda Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Mənfur düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.
   Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, möhtərəm Prezident cənab  İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir.
   30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu.
   30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi.
    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir.
   Ali Baş Komandanın  rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.
   Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.
Bəyanat tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb.
   "Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur, tamamilə süquta uğrayıb, Qarabağa heç bir status verilmir. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.
  Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində vətənin keşiyini çəkə biləcək. Laçının tam azad edilməsindən sonra Dövlət Sərhəd Xidməti Azərbaycanın ümumi uzunluğu 3360 km. olan bütün su və quru sərhədində vətənimizin keşiyini çəkə biləcək.
   Ermənistan özünün məğlub və darmadağın olmuş silahlı qüvvələrinin qalıqlarını çıxarmaq öhdəliyini götürdüyünə görə sülhməramlı qüvvələrin vəzifəsi oradakı mülki ermənilər və Azərbaycan silahlı qüvvələri arasındakı hər hansı insidentin qarşısını almaq olacaq.
    Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.  Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
    Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında birləşəcək.
    Azərbaycan xalqı əmindir ki, şanlı tarix yazan Ali Baş Komandanımız cənab İlham Əliyev xalqımızı uğurlu gələcəyə apararaq  bu siyasəti növbəti illərdə də davam etdirəcək, respublikamız döblət başçısının rəhbərliyi ilə gələcəyə doğru daha da  inamla addımlayacaq, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

Keçidlər