Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün siyasi həmrəyliy nümayiş olunur

28 sentyabr 2020 | 16:00

    Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.
    Fərəhləndirici və əlamətdar bir haldır ki, ölkəmizdə fəalliyyət göstərən siyasi partiyalarda bu prosesdən kənarda qalmırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışları əsasında ölkədə yeni bir siyasi mühit formalaşıb. Siyasi partiyalarla iqtidar arasında dioloq dəstəklənir, xalqı və dövləti narahat edən taleyüklü məsələlərlə əlaqədar qarşılıqlı hörmət əsasında fikir mübadiləsi aparılır.
    Bəyanatda bildirilir ki, Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır, Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir.  Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması sadəcə bölgənin deyil, beynəlxalq aləmin də təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləyir, hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həmdə beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırırıq.
    Azərbaycan ədalətli və məsuliyyətli mövqe nümayış etdirir. Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir.
   Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan təcavüzkardır. Atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar Ermənistana qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənar qalmasına səbəb olur. Ermənistanın təxribatlarına susmaq və onları qınaq predmetinə çevirməmək beynəlxalq riyakarlığın təzahürüdür. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər.
   Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanındadır. Bu gün Azərbaycan xalqının birlik bərabərlik birləşdirir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.
    Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirə bilmədilər. Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat və Xalq Cəbhəsi Partiyası təəssüflər olsun ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər.
    Bu gün vətən bizi çağırır. Zülm və haqsızlığa qarşı milli qürur və şücaətimiz, mənəvi birlik və həmrəyliyimiz hər zamankından daha da artıq olmalıdır.
    Biz birlikdə güclüyük! Zəfər birlikdədir!

Keçidlər