Şriftin ölçüsü :

Saytın rəngi :

Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir

11 iyun 2020 | 16:00

Azərbaycanın koronavirusla bağlı apardığı mübarizə metodları beynəlxalq aləmdə təqdirlə qarşılanır.  Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırır və həm pandemiyanın ilk mərhələsindəki operativ tədbirlərin görülməsini, məhdudlaşdırıcı addımların atılmasını, həm də sonrakı dövrlərdə vacib qərarlar qəbul etməsini xüsusi qeyd edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il aprelin 10-da COVİD-19-la bağlı Türk Şurasının və mayın 3-də Qoşulmama Hərakatının videokonfrans formatında Zirvə görüşlərini keçirməsi, dünyanı bu bəlaya qarşı birgə mübarizəyə səsləməsi, bu beynəlxalq təşkilatlara üzv dövlətlərlə birlikdə çox böyük qərarlar qəbul edilməsinə şərait yaratmışdır. Zirvə görüşlərindəki çıxışlarında cənab Prezident ölkəmizdə koronovirusla mübarizə və xəstələrin müalicəsi istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycanda koronavirus xəstələri ilə bağlı görülmüş işlər barədə görüş iştirakçılarına geniş məlumat vermişdir.
     Möhtərəm Prezident bir neçə gün öncə, iyunun 9-da daha 3 modul tipli xəstəxananın açılışı zamanı çıxışında qeyd etmişdir ki, bu gün Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Virusun diaqnostikası və müalicəsi ilə əlaqədar 23 laboratoriya fəaliyyət göstərir. İnidiyə kimi ölkə üzrə 349 mindən artıq test keçirilmişdir. Daxili tələbatı ödəmək ücün qısa müddətdə qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanmışdır. Pandemiyaya qarşı mübarizədə sənaye imkanlarından geniş istifadə edilir. Qısa müddətdə tibbi maska, həkimlər üçün xüsusi geyimlər, kombinezonlar, həmçinin dezinfeksiya vasitələri istehsal edən müəssisələr fəaliyyətə başladı və bunun nəticəsidir ki, ölkəmizdə vətəndaşlarımız son zamanlar tibbi maskalardan daha çox istifadə edirlər. Maskadan istifadə bütün qapalı şəraitdə işləyənlər üçün mütləqdir. Mən də bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir-ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Eyni zamanda çıxışında qeyd etmişdir ki, bu modul tipli xəstəxanaların sayı 10-a çatmalıdır. Ümid edirəm ki, yaxın gələcəkdə- təxminən, ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcəkdir. Beləliklə, bizim əlavə 2000 çarpayımız olacaqdır və bu koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcəkdir. Sevindirici hal ondan ibarətdir ki, bu 10 xəstəxananın dördünü özəl sektor öz vəsaiti hesabına inşa edəcəkdir. Dünya miqyasında Azərbaycan nadir ölkədir ki, bütün koronavirusa yoluxan xəstələri tibb müəssisələri müalicə edir. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının əsas səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibb müəssisələrinə qəbul edilir və onlara lazımi köməklik göstərilir. Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və ilkin olaraq Prezidentin ehtiyyat fondundan bu fonda 20 milyon manat vəsaitin ayrılması, sahibkarlar və adi vətəndaşlar tərəfindən fonda 100 milyon manatdan artıq vəsaitin ödənilməsi bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik nümayiş etdirə bilir.
     Koronavirus pandemiyasına qarşı aparılan qətiyyətli tədbirlərin nəticəsidir ki, bu gün inkişaf etmiş ölkələrdə ölənlərin sayı Azərbaycanda pandemiyaya yoluxanların sayından çoxdur. Bizdə isə yoluxanların sayı bu gün 8 minə qədərdir. Ona görə ki, bizdəki yanaşma ən düzgün, ən humanist yanaşmadır, yoluxmuş insanlara tibbi xidmətin göstərilməsi yüksək səviyyədədir. Hazırda ölkəmizdə koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalarımız ayrılıb. Eyni zamanda karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki, onlar 4-5 ulduzlu otellərdə, Atletlər Kəndində yerləşdirilir. Minlərlə vətəndaşımız xaricdən təxliyə edilərək Azərbaycana gətirilib və bu proses davam etdirilir. Bizim əsas vəzifələrimiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. COVİD-19 dövründə çətin vəziyyətə düşümüş vətəndaşların maddi məsələləri də həll olundu, işsiz adamlara, aztəminatlı təbəqəyə aid olan insanlara, sahibkarlara və bütün bu işləri təşkil etməyə 3,5 milyard manat vəsait xərclənib.
       Bu çətin şəraitdə Regionun lider dövləti - Azərbaycan sadəcə öz problemlərini həll etmir, eyni zamanda başqa dövlətlərə də yardım edir. Bununla bağlı Azərbaycan 14 ölkəyə onların müraciəti ilə əlaqədar humanitar yardım göstərmiş, ÜST-ün xətti ilə əlavə 15 ölkəyə beynəlxalq təşkilat vasitəsilə yardım etmiş və ÜST-ə Azərbaycan fərdi qaydada 2 dəfə ianə vermişdir. Pandemiya ilə mübarizə bundan sonra da çox ciddi davam etdiriləcək. Heç kimin ağlına gəlməzdi ki, Azərbaycan bu bəla ilə təkbaşına, bu cür, belə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə bacara bilsin.
     Çıxışının sonunda Dövlət Başçımız qeyd etmişdir ki, Azərbaycan dövləti, Azərbaycan xalqı gördü ki, həkimlər içdikləri Hippokrat andına sadiqdir, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Həkimlərin arasında yoluxanlar da var və onlar öz həyatlarını risk altına ataraq xəstələri müalicə edir, onları həyata qaytarırlar. Təsadüfi deyil ki, mənim təşəbbüsüm ilə ölkəmizin və şəhərimizin yeni simvollarından biri olan Alov Qüllələrində məşhur şüar əks olunmuşdur. Azərbaycan həkimlərinə eşq olsun!
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın iştirakı ilə 3 modul tipli xəstəxananın açılışı bir daha onu göstərdi ki, ölkəmizdə COVİD-19 pandemiyasına qarşı mübarizə qətiyyətlə davam etdirilir. Ölkə rəhbərliyi hadisələrin gedişini nəzarətdə saxlayır, risklər öyrənilir və lazımi addımlar atılır.

Keçidlər