Şriftin ölçüsü :

Saytın rəngi :

Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü beynəlxalq ictimaiyyətdə Azərbaycan Prezidentinin daha bir təşəbbüsünün uğuru kimi qiymətləndirildi

15 may 2020 | 16:00

Dünyada 120 ölkəni özündə birləşdirən BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədirlik edən dövlətimizin təşəbbüsü ilə hərəkata üzv dövlətlərin koronavirusa qarşı mübarizə üzrə təmas qrupunun yaradılması və videokonfrans formatında Zirvə görüşünün keçirilməsi, cənab Prezidentin koronavirusa qarşı mübarizədə dövlətimizin çevik reaksiyasını bu tribunadan izah etməsi, hərəkat üzvü dövlətlərlə öz uğurlu təcrübəsini bölüşməsi, bu sahədə onlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
   Qoşulmama Hərəkatının Zirvə görüşündə koronavirus təhlükəsi zamanı tarixdə ilk dəfə Qoşulmama Hərəkatı ilə Avropa İttifaqının bir araya gəlməsi, BMT Baş Assambleyasının sədrinin, digər beynəlxalq təşkilatların rəhbərlərinin, BMT baş katibinin və Avropa İttifaqının ali nümayəndələrinin Zirvə görüşünə videomüraciətlər göndərməsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qətiyyətinə, iradəsinə və humanistliyinə olan etimadın bariz nümunəsidir.
     Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən qəbul olunur. Habelə, Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.
    Azərbaycan bundan öncə  də videokonfrans formatında Zirvə görüşü keçirmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəaldə Zirvə görüşü keçirilmişdir. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmişdir.
     Türk Şurasının Zirvə görüşündə çıxış zamanı cənab Prezident haqlı olaraq vurğuladı ki, “pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların  koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq”. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü anda Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.
    Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır.
    Koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Azərbaycan bu sınaqdan layiqincə çıxmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus mart ayının 23 də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən müsbət qarşılanmışdır.
    Azərbaycan Respublikası Prezidentinin koronavirusla bağlı verdiyi bütün tapşırıqlar Naftalan şəhərinin əhalisi tərəfindən çox böyük razılıqla və minnətdarlıqla qarşılanmışdır. Xüsusi karantin rejimi dövründə virusun yayılmasının qarşısını alımaq üçün əhali arasında yüksək səviyyədə maarifləndirmə tədbirləri keçirilmişdir. İnsanlarımız virusa qarşı mübarizə aparmağa çağırılmışdır. Ona görə də şəhər əhalisi arasında koronavirusdan ölüm halı qeydə alınmamışdır.

Keçidlər