Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Hot line: (+994 22 35) 2-31-88

İqtisadiyyat

 
      •   Naftalan şəhərinin iqtisadiyyatının əsasını sanatoriya-kurort  xidməti təşkil edir.

•  Bir gündə 2200 nəfərə yaxın  turist qəbul etmək gücünə malik olan Naftalan şəhərinə  gələn yerli və xarici qonaqların sayı  2019-cu ildə 40 min nəfərə çatmışdır.

 2019-cu ildə ümumi məhsul buraxılışı 2018-ci illə müqayisədə 22,5 faiz artaraq 34 mln 983 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 21,9 faiz artaraq 2 mln 470,4 min manat təşkil etmişdir. Əhaliyə göstərilən  nəqliyyat və anbar təsərrüfatı xidməti 3,2 faiz artaraq 325,4 min manat, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  ödənişli xidmətlərin həcmi 28 mln 758,3 min manat, pərakəndə əmtəə dövriyyəsinin həcmi 3,8 faiz artaraq 25 mln 419,4  min manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti 8,2 faiz artaraq 246,6 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 1 mln 514,8 min manat, tikinti işlərinin həcmi 53,8 faiz artaraq  21 mln 858,7 min manat təşkil etmişdir. İqtisadi artım əhalinin əmək haqqı gəlirlərində özünü aydın şəkildə göstərmiş, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı hesabat ilində 2018-ci illə müqayisədə 22 faiz artaraq 432,9 manata yüksəlmişdir.
   Şəhərin yerli büdcəsinin mədaxil hissəsi 2 mln 957 min manat planlaşdırıldığı halda yerli mənbələrdən daxil olan gəlirlər hesabına 3 mln 87,941 min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan   4,4  faiz  və  ya  130,941  min  manat  artıq  vəsait  daxil  olmuşdur. Xərcləri  isə   2 mln 656,876 min manat təşkil etmişdir. Bu dövrdə əsas sosial ödəmələrin maliyyələşdirilməsi təmin edilmiş, əmək haqları, pensiya üzrə bütün öhdəliklər yerinə yetirilmişdir.
   4 ildir  ki, Naftalan şəhəri xərclərini öz yerli gəlirləri hesabına təmin edir. Təbii ki, buna Naftalan, ölkə başçısının şəhərin turizm sektorunda apardığı islahatlar və bu  islahatlara uyğun olaraq şəhərimizdə istifadəyə verilən müasir səviyyəli turizm mərkəzlərindən daxil olan gəlirlər hesabına nail olmuşdur.
  
    Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi-sosial reabilitasiya imkanlarının genişləndirilməsi möhtərəm cənab Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsidir. Eyni zamanda, dövlət başçısının tapşırıqlarına əsasən reabilitasiya mərkəzlərində müasir tələblərə uyğun şərait yaradılır. Ötən il Naftalan şəhərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Müəssisə yeni müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla da təchiz edilmişdir. Burada əlilliyi olan şəxslərə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri ilə yanaşı Naftalan nefti ilə müalicə prosedurları da tətbiq edilir.
    Ötən il Məşğulluq Mərkəzi tərəfindən 912 nəfər işaxtaran kimi qeydiyyata alınmış, onlardan 426 nəfər işlə təmin olunmuşdur. Ümumilikdə son illərdə sahibkarlar tərəfindən tikilib istifadəyə verilmiş müasir səviyyəli yeni müalicə və istirahət mərkəzlərində hazırda 1000 nəfərə yaxın  vətəndaş işləyir. Həmçinin dövlət başçısının yeni iş yerlərinin açılması ilə bağlı sosial təşəbbüsü əsasında dövlət qurumları tərəfindən verilən vakansiyalar, eləcə də yeni yaradılan abadlıq və təmizlik işləri üzrə Naftalanda 227 nəfər işlə təmin olunmuşdur. Onlardan 24-ü SOCAR-da, 28 Naftalan Elektrik Şəbəkəsində, 175 nəfəri isə DOST-İş Mərkəzi” MMC tərəfindən abadlıq və təmizlik işləri üzrə qeyri-daimi işlərə cəlb edilmişdir. 
   “Əhalinin özünüməşğulluğun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” ölkə başçısının 07 aprel 2016-cı il tarixli müvafiq Sərəncamına uyğun olaraq işaxtaran aztəminatlı şəhər sakinlərinin özünüməşğulluğa cəlb edilməsindən Naftalan şəhər sakinləri də yararlanırlar. Ötən il şəhər üzrə özünüməşğulluğa cəlb olunanların sayı 43 nəfərə çatdırılmışdır. Həmin 43 nəfər özünüməşğulluq təlimlərinə cəlb edilmiş və onlardan potensial imkanları nəzərə alınmaqla  yüksək nəticə göstərən 32 nəfər biznes planlarında nəzərdə tutulmuş profil üzrə mal-qara və avadanlıqlarla təmin olunmuşdur. Bu layihədə əsas məqsəd ona  yönəlib ki, həmin vətəndaşlar öz ailələri və həyat səviyyələrinin yüksəldilməsi üçün uğurlu biznes qura bilsinlər.

 Hesabat dövründə bir çox investorların ŞİH-nin Memarlıq və Tikinti şöbəsinə təqdim etdikləri tikinti layihələrinə şöbə tərəfindən qanunamüvafiq qaydada baxılmış, tikinti norma və qaydalarına, eləcə də şəhərin görkəminə uyğun gələn layihələrin icrasına icazə verilmiş və tikintiyə başlanılması üçün prosedura uyğun olaraq aidiyyəti üzrə müraciətlər ünvanlanmışdır. Turistlərin sayındakı artımı və tələbatı nəzərə alaraq Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən yeni sağlamlıq-istirahət mərkəzləri açmaq istəyən sahibkarlara bundan sonra da dəstək göstəriləcəkdir.
   Hazırda şəhərdə 10 mərtəbəli yeni Avtovağzal otel kompleksinin inşasında son tamamlama işləri aparılır. Naftalanın mərkəzinə yaxın yerdə yerləşən kompleksin ümumi ərazisi   1 hektar, tikintialtı sahəsi 2509 kvadratmetrdir. Binada ticarət mərkəzləri, otel nömrələri, ofis, geniş restoran fəaliyyət göstərəcək. Kompleksə geniş zal, kassalar, saxlama kameraları da daxildir. Restoran və mətbəx ikinci mərtəbədə yerləşəcək. Otel nömrələri üçüncü mərtəbədən başlayacaq.
    Naftalanda yenidən qurulan daha  bir sağlamlıq  və  istirahət  mərkəzi  də  “Naftalan  Hotel   & SPA”dır. Son tamamlama işləri aparılan 10 mərtəbəli, 172 yerlik bu mərkəzin həyətində abadlıq işləri aparılır.
    Naftalan şəhəri, Nizami küçəsində inşa edilən, ümumi torpaq sahəsi 1 hektar olan  4 mərtəbəli, 288 yerlik “Gold Naftalan” sağlamlıq və istirahət mərkəzində də tikinti işləri davam etdirilir.
Hesabat ilində inşasına başlanılan yeni 76 otaqlı, 176 yerlik "Naftalan sanatoriya kompleks"i, iki binadan, bir 5 mərtəbəli müalicə və poliklinika, bir 6 mərtəbəli yataq korpusundan ibarət olacaq.
  Bundan başqa tikintisi aparılan Nizami küçəsi 11 ünvanda yerləşən dördmərtəbəli yeni sanatoriya kompleksidir. Bu sanatoriya 88 otaqlı olmaqla 192 yerlikdir.
     Məlumdur ki, Respublikamızda qeyri-neft sektorunun ən çox inkişaf edən sahələrindən olan turizm bir çox bölgələrin, xüsusən də müalicəvi nefti ilə məşhur olan Naftalan şəhərinin iqtisadiyyatının əsasını təşkil edir. Ötən il sözügedən sahənin dinamik inkişafı davam etdirilmiş və innovativ addımlar atılmışdır. Ölkəmizin sağlamlıq turizminin əsas mərkəzlərindən olan və unikal müalicəvi əhəmiyyətli neftinə görə dünyada böyük şöhrət qazanmış Naftalanda dincələn və müalicə almaq istəyənlərin sayı ildən-ilə artır.
      2019-cu ildə Naftalana olan turist səfərləri rekord həddə çatıb - şəhərə  40 min turist gəlmişdir. Onlardan 40 faizi  dünyanın 61 ölkəsindən gələnlər olmuşdur.
    Turistlərdən Rusiya, Qazaxıstan, Özbəkistan, İsrail, Ukrayna, Belarus, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveyt, Litvadan olan qonaqlar üstünlük təşkil edib. Bununla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Bəhreyn, Qətər, İran, Çin, Estoniya, Almaniya, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Qırğızıstan və Kanadadan olan turistlər də buradakı kurort və sanatoriyaların xidmətlərdən istifadə ediblər. Ölkə başçımızın qeyd etdiyi kimi, Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün biz bunu beynəlxalq turizm mərkəzinə çeviririk.
      Hazırda Naftalanda 11 turizm obyekti fəaliyyət göstərir və burada bir gündə 2500-dən çox turist müalicə ala və istirahət edə bilər.  Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalanda gün ərzində, ümumilikdə, 3500-ə yaxın turistə otel və müalicə xidmətləri göstərmək imkanı olacaqdır.

Links