Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda şəhid ailələrinə ordenlər təqdim olunub

31 dekabr 2022 | 11:50

Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən Naftalanlı Aprel döyüşləri şəhidi Bayramov Vaqif Dilqəm oğlu və Vətən müharibəsi şəhidi Cəfərov Elyəddin Zöhrab oğlu III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində ordenlərin təqdim edilməsində Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin əməkdaşı baş leytenant İsmət Ağayev, Naftalan ŞİHB-nin şəhər və kənd üzrə nümayəndələri, şəhidlərin ailə üzvləri iştirak ediblər.

Görüş zamanı Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Şanlı Zəfərinin başlanğıcı olan Aprel döyüşlərində və Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışılıb. Bildirilib ki, qəhrəman oğullarımızın ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdikləri fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.       

Ali mükafatlar şəhidlərin ailələrinə təqdim olunub.

Şəhid ailələri göstərilən dövlət qayğısına, ali mükafata görə Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər