Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

 
             

Naftalan şəhərinin iqtisadi inkişafı və daimi artan yenilikləri haqqında

ARAYIŞ

                                                        

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatlar kurort şəhəri Naftalanın da bütün sahələrdə inkişafına müsbət təsir göstərmişdir. Ümumilikdə son illər ölkə başçısının tapşırıqlarına uyğun şəhərdə abadlıq-quruculuq işlərinin genişlənməsində, önəmli sosial layihələrin həyata keçirilməsində və ən əsası turizmin inkişafında çox böyük uğurlar qazanılmış, makroiqtisadi göstəricilərdə müsbət dinamika müşahidə olunmuşdur.

Ötən ilin oktyabr ayının 08-09 tarixlərində ilk dəfə olaraq “Naftalan turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar” mövzusunda Beynəlxalq Elmi-Praktik konfrans keçirilmişdir. Məlumunuz olduğu kimi konfransda dünyanın altı ölkəsindən mütəxəssislər və şəhər merləri o cümlədən dövlət hakimiyyət orqanlarının nümayəndələri iştirak etdi. Konfransın keçirilməsində əsas məqsəd Naftalan şəhərinin regionda kurort fəaliyyətinin və turizmin inkişafında sinerji mənbəyi kimi rolunun və potensialının dəyərləndirilməsi idi.

2022-ci ilin ümumi məhsul buraxılışı 21 mln 862 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 6 mln 677 min manat təşkil etmişdir. Əhaliyə göstərilən nəqliyyat və anbar təsərrüfatı xidməti 285 min manat, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan ödənişli xidmətlərin həcmi 22 mln 478 min manat, pərakəndə əmtəə dövriyyəsinin həcmi 33 mln 353 min manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti 297 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 2 mln 271 min manat, tikinti işlərinin həcmi 1 mln 660 min manat təşkil etmişdir. İqtisadi artım əhalinin əmək haqqı gəlirlərində özünü aydın şəkildə göstərmiş, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı hesabat ilində 513 manata yüksəlmişdir.

Şəhərin yerli büdcəsinin mədaxil hissəsi 3 mln 972 min manat planlaşdırıldığı halda yerli mənbələrdən daxil olan gəlirlər hesabına 4 mln 478,556 min manat olmuşdur. Yəni nəzərdətutulduğundan 12.75 faiz və ya 506,556 min  manat  artıq  vəsait  daxil  olmuşdur. Xərcləri isə 3 mln 059,169 min manat təşkil etmişdir. Bu dövrdə əsas sosial ödəmələrin maliyyələşdirilməsi təmin edilmiş, əməkhaqları, pensiya üzrə bütün öhdəliklər yerinə yetirilmişdir.

2022-ci ildə Naftalan şəhəri üzrə əmək qabiliyyətli əhalinin sayı 8490 nəfərdir. Onlardan işləyənlərin sayı 7003 nəfər təşkil edir. Hazırda Naftalan şəhəri üzrə 195 nəfər işsiz kimi qeydə alınmışdır. Onlardan yalnız 4 nəfərə işsizlik sığortası ödənişi təyin edilib.

2022-ci ilin müvafiq dövrü ərzində Naftalan şəhəri üzrə “Dost İş Mərkəzi” MMC-yə 2 nəfər işə qəbul edilmişdir.

Naftalan şəhəri üzrə Məşğulluq Alt Sistemində 5 vakansiya mövcuddur.
Həmçinin, Naftalan Şəhər İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 18 saylı Ərazi Məşğulluq filialının birgə təşkilatçılığı ilə Naftalan şəhərində fəaliyyət göstərən sahibkarlara “məşğulluq marafonu”, “əməkhaqqının birgə maliyyələşməsi proqramı”, “peşə hazırlığı” layihələrində iştirak etmə fürsəti verilmişdir. Artıq bir neçə Müalicə Mərkəzi bu layihələrdən yararlanmağa başlayıb.

Həm şəhər sakinlərinin, həm də yerli və xarici turistlərin asudə vaxtlarının daha rahat keçməsi üçün Heydər Əliyev, Səməd Vurğun, Qələbə və Nəriman Nərimanov parklarında əsaslı təmir işləri davam etdirilmişdir, həmçinin parklara limitsiz və sürətli optik Wi-Fi ötürücülər quraşdırılmışdır.

Şəhər ərazisində il ərzində ümumilikdə 3200-dən çox müxtəlif növ ağac əkilmiş, parklardakı əkilən gül kolları yenilənmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir.

Məlumdur ki, Respublikamızda qeyri-neft sektorunun ən çox inkişaf edən sahələrindən olan turizm bir çox bölgələrin, xüsusən də müalicəvi nefti ilə məşhur olan Naftalan şəhərinin iqtisadiyyatının əsasını təşkil edir. 2022-ci ildə şəhərə 37 min 788 turist gəlmişdir. Onlardan 7508 nəfəri dünyanın 42 ölkəsindəndir. Turistlərdən Rusiya, Qazaxıstan, Özbəkistan, İsrail, Səudiyyə Ərəbistandan olan qonaqlar üstünlük təşkil edib.

Turistlərin sayındakı artımı və tələbatı nəzərə alaraq Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən yeni sağlamlıq-istirahət mərkəzləri açmaq istəyən sahibkarlara hər zaman dəstək göstərilir.

Hazırda şəhərdə 5 mərtəbəli yeni “Sun City Naftalan & SPA” Sağlamlıq Mərkəzinin inşasında son tamamlama işləri aparılır. Şəhər mərkəzindən 2 km məsafədə yerləşən kompleksin ümumi ərazisi 0.63 hektar, tikintialtı sahəsi 785 kvadratmetrdir. Mərkəz 99 otaq, 192 yerdən ibarətdir. Həmçinin, oyun otağı, açıq hovuz, qapalı restoran və bar fəaliyyət göstərəcək.

Hesabat ili ərzində şəhərdə yeni 240 yerlik “Park Naftalan” və 195 yerlik “Nur Naftalan” Müalicə Mərkəzlərinin açılışı qeyd edilmişdir.  

Ölkə başçımızın qeyd etdiyi kimi, Bu gün Naftalan Beynəlxalq Turizm Mərkəzinə çevrilib.

Keçidlər